“Ölkədə müavinətlərin sayı təqaüdlərin sayı ilə birlikdə 50-yə yaxındır. Bu il biz parlamentə müavinətlərin sosial inteqrasiyası və artırılması ilə bağlı layihə təqdim edəcəyik. Söhbət müavinətlərdə 5-10 faizdən deyil, əhəmiyyətli dərəcədə artımdan gedir”.

Bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev müavinətlərin artırılması ilə bağlı deputatların təklifinə cavab verərkən deyib. O, bildirib ki, bu məsələnin üzərində hazırda iş gedir:

“Düşünürəm ki, bu müavinətlər təyinatlı olmalı, haqqı çatan və ehtiyacı olan ailələr bunu almalıdır. Bizim elə ailələr olacaq ki, onlar ünvanlı sosial yardım almaqda davam edəcəklər. Bura çoxuşaqlı ailələr, əmək qabiliyyəti olmayan şəxslər, yaşlı insanlar daxildir. Bu proqrama sosial müavinətlərin identifikasiya ilə bağlı bir birgə proqramda baxılacaq. Çünki burada təkrarlanan və eyni kateqoriyaya daxil olan şəxslər var. Bu istiqamətdə aktiv iş gedir”.

Nazir müavini əlavə edib ki, növbəti ildə ehtiyac meyarının artırılması ilə bağlı ümumi sosial yardım proqramına 172 milyon manat ayrılıb: “Əlilliyin təyin edilməsi ilə bağlı məsələ narahatedicidir. Nəzərə çatdırım ki, biz geriyə addım atmamalıyıq, onu təkmilləşdirməliyik. Əlilin təkrar olaraq komissiyadan keçməsinə ehtiyac yoxdur. Səhiyyə Nazirliyinin tibb müəssisələrində əyani olaraq müayinədən keçirilir. Bizim tibbi sosial ekspert komissiyalarımızın heç bir avadanlığı yoxdur. Vizual olaraq əlilliyin təyin edilməsi neqativ hallara şərait yaradırdı. Keçid dövrüdür, müəyyən problemlər ortaya çıxır. Növbəti illərdə bunu təkmilləşdirəcəyik. Bizim pensiya təminatı sistemində əlillərin sayı 30 faiz üstündədir. Belə göstərici dünyanın heç bir ölkəsində yoxdur. Bunların sırasında II-III qrup əlillərin çəkisi daha böyükdür. Onlar bu əlliliyi pensiya təminatından istifadə etmək üçün alıblar. 2017-ci ildən edilən dəyişikliyə əsasən, artıq II-III qrup bu imkandan istifadə etmir. Həmin şəxslər minimum sığorta məbləğini yığmasalar, onlara pensiya təminatı təyin edilmir. Statistikada göstərilir ki, II- III qrup əliliklə bağlı təyinat azalıb. Lakin I qrup əlillərin sayında artım müşahidə olunur”.

Oxumağa dəyər:   “Kasıb yaşa, amma...” - Lukaşenko rüşvətxor məmurlara barmaq silkələdi

Ölkədə minimum əmək haqqının artırılması ilə bağlı deputatların təkliflərinə gəlincə isə, İ. İsayev qeyd edib ki, əlbəttə ki, minimum əməkhaqqı artmalıdır: “Bizim həm əhalinin gəlirləri, həm də ÜDM-yə nisbətdə əhalinin minimum əmək haqqı çox aşağıdır. Biz bunu əhəmiyyətli dərəcədə artırmalıyıq. Bu aktual məsələdir. Prezident qeyri-leqal məşğulluqla bağlı komissiya yaradıb. Burada əmək haqqı ayrıca bölmədə qeyd olunub. Əmək haqqı sistemi büdcə təşkilatlarında ümumiyyətlə mürəkkəbdir. Bu məsələyə baxılmalıdır. Biz bununla bağlı İşçi Qrupu yaratmışıq. Avropanın Tvininq layihəsini, Dünya Bankının ekspertlərini dəvət etmişik. Artıq ilkin layihəmiz var. Lakin bununla bağlı açıqlama vermək istəmirəm”.

Nazir müavini həmçinin əlavə edib ki, təmsil etdiyi nazirlikdə heç bir  ixtisar olmayacaq, əvəzinə isə optimallaşma həyata keçiriləcək: “Fərdi uçot sistemi pensiya sisteminin əsasını təşkil etdiyi üçün bizim nazirliyin tərkibində qalır. Eyni zamanda “DOST” mərkəzləri yaradılır, biz həmin şəxsləri bu mərkəzdə yerləşdirəcəyik”.

İstinadlar Qafqazinfo