Tehranda HƏMAS lideri İsmayıl Haniyənin qətlinin necə planlaşdırıldığı məlum olub.
Mossad agentləri Tehranda İsmayıl Haniyənin yataq otağında aylar əvvəl yerləşdirilən partlayıcı qurğunu partladıblar.
New York Times və The Telegraph qəzetlərinin adı gizli saxlanılan yeddi Yaxın Şərq, iki iranlı və bir amerikalı rəsmilərə istinadən verdiyi xəbərə görə, bomba SEPAH tərəfindən qorunan evə iki ay əvvəl yerləşdirilib. Haniyənin Tehrana gələrkən əksərən həmin iqamətgahda qalması Mossad agentlərinin diqqətini çəkib və onun üçün ölüm tələsi də məhz elə həmin yerdə qurulub.
Qurğu Haniyə evdə olduğu zaman uzaqdan idarə olunaraq partladılıb. Hadisə İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) üçün ciddi təhlükəsizlik boşluğu və böyük biabırçılıq kimi qiymətləndirilir.
‘Axios’ nəşri isə xəbər verir ki, Mossad Haniyənin yataq otağında yerləşdirilmiş partlayıcını yüksək texnologiyalı, süni intellekt istifadə edən cihazla idarə edib.
İsrail hələ ki, rəsmi olaraq hadisəyə görə məsuliyyəti qəbul etməyib, amma bəlli olub ki, ABŞ və Qərb hökumətləri İsrailin kəşfiyyatı tərəfindən hadisə barədə məlumatlandırılıb. Hücumun planlaşdırılması aylar çəkib və geniş müşahidə tələb edib.
Hazırda İsrail İranın cavab verəcəyini gözləyir və “həssas yerlər”i qorumaq üçün hazırlıq görür. Böyük hədələrə baxmayaraq kəşfiyyat məlumatlarına görə nə İran, nə də Hamas regional müharibə istəmir. Hizbullah lideri Həsən Nəsrullah isə İsrailin “xətti keçdiyini” və hər yerdə intiqam gözləməli olduğunu bildirib.
İsrailin baş naziri Benyamin Netanyahu ölkənin hər bir ssenariyə qarşı yüksək hazırlıqda olduğunu vurğulayıb və “hər hansı bir təcavüz aktına qarşı əvəz ödəyəcəklərini” deyib.
SEPAH-ın bir rəsmisi The Telegraph-a bildirib ki, İran Təl-Əvivi hədəf almağı müzakirə edir və Haniyənin dəfnindən sonra cavab tədbirlərini qiymətləndirirlər. Həmçinin, Hizbullah ilə birgə raket hücumu təşkil etmək məsələsi də müzakirə olunur.
Haniyənin cənazəsi Dohada dəfn edilmək üçün Qətərə aparılıb. Tehran küçələrində vida mərasimində minlərlə insan Haniyəyə ehtiramlarını ifadə edib və mərasimdə Ayətullah Xameneyi və SEPAH-ın yüksək rütbəli komandirləri iştirak ediblər.