Moskvada “Bakı Neft Cəmiyyəti”nin yaradılmasının 150 illiyinə həsr olunmuş konfrans keçirilib.

“Azərbaycan” pavilyonunun informasiya dəstəyi ilə “Lukoyl” ictimai səhmdar cəmiyyətinin təşkilatçılığı ilə “Dünyanın ilk şaquli inteqrasiya olunmuş neft şirkəti olan “Bakı Neft Cəmiyyəti”nin yaradılmasının 150 illiyi” adlı konfrans Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Neft” pavilyonunda baş tutub.

Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, tarix elmləri namizədi Aleksandr Matveyçuk qeyd edib ki, XIX əsrin sonunda Rusiya imperiyasında şaquli inteqrasiya olunmuş 8 şirkət mövcud olub.

“Vasili Kokorev və Petr Quboninin yaratdığı “Bakı Neft Cəmiyyəti” fəaliyyətinə kənardan kapital cəlb edilən ilk səhmdar cəmiyyəti olub. Mənim üçün bir tarixçi kimi Şəmsi Əsədullayev və Musa Nağıyevin iki ailəyə məxsus şaquli inteqrasiya olunmuş şirkətinin artıq Bakıda fəaliyyət göstərməsi kəşf idi. Çünki azərbaycanlı milyonçuların şirkətləri ailələrin öz maddi vasitələri ilə qurulan və çalışan şirkətlər olub. Bu fakt mənim üçün bir yenilik idi. Çünki tarixdə belə şey olmayıb”, – alim vurğulayıb.

Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetinin Karbohidrogen yataqlarının geologiyası və kəşfiyyatı kafedrasının müdiri Vaqif Kərimov qlobal neft sənayesinin inkişafının dəyişməz olaraq Azərbaycanın paytaxtı ilə bağlılığını vurğulayıb: “XIX əsrin 70-ci illərində “neft bumu” Bakı və ətraf rayonlarda başlayıb. Müxtəlif ölkələrin sənayeçiləri Bakıda öz şirkətlərini açıblar. Amma qeyd etmək lazımdır ki, ölkənin neft sənayesinin inkişafında əcnəbilərlə yanaşı, Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev və başqaları kimi azərbaycanlı sənayeçilər də fəal iştirak ediblər. Eyni zamanda, Bakıda neft çıxaran bütün xarici şirkətlər də azərbaycanlı mütəxəssislər çalışıblar”.

İstinadlar Report