Moldova Baş Prokurorluğu Sosialistlər Partiyasının fəxri sədri, eks-prezident İqor Dodonu korrupsiyada şübhəli bilərək ona cinayət işi açıb.

Bu barədə Baş Prokurorluğun mətbuat katibi Mariana Kerpek bildirib.

“Bu gün, mayın 18-də (dünən-red) baş prokuror vəzifəsini icra edən Dumitru Robu 2020-ci ilin yayında ictimai məkanda görünən videolara görə cinayət təqibinin başlanmasına göstəriş verib”, – Kerpek jurnalistlərə bildirib.

Cinayət işi üçün İqor Dodonla Demokratlar Partiyasının o vaxtkı lideri Vladimir Plaxotnyuk arasında 2019-cu ilin iyununda keçirilən görüşün videogörüntü əsas olub. Demokratlar Partiyasının ofisində lentə alınan videogörüntüdə Plaxotnyukun Dodona onların “çanta” adlandırdıqları iri qara paket verməsi yer alıb. Söhbətdən aydın olur ki, “çanta”da o zaman Dodonun rəhbərlik etdiyi Sosialistlər Partiyasını maliyyələşdirmək üçün nəzərdə tutulan pullar var.

Videogörüntü 2020-ci ildə deputat Yuri Renise tərəfindən yayılıb. 2020-ci il iyun ayının sonunda Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu yoxlama zamanı heç bir cinayət tərkibinin aşkar olunmadığını bildirərək, videoçəkilişlər əsasında cinayət işi başlamaqdan imtina edib.

İstinadlar Report