Milli Məclisin deputatı Könül Nurullayeva mina terroru ilə bağlı beynəlxalq insan hüquqları mexanizminin işə salınmasını vacib hesab edir.

O, “Report”a açıqlamasında Ermənistanın mina terrorunun davam etdiyini bildirib:

“Üç ildən çoxdur müharibə baça çatsa da, azad olunmuş ərazilərdə mina qurbanlarının sayı artır. Ötən gün Ağdamda ANAMA əməkdaşı mina partlaması nəticəsində yaralanıb və ayağı amputasiya edilib. Bu vaxtadək 300-dən çox azərbaycanlı mina terrorunun qurbanı olub. Mütəmadi olaraq mülki şəxslər və ya hərbçilər minaya düşür. Antiterror tədbirlərinə qədər dəfələrlə məlum olub ki, hadisə bölmələrimizin təminat yolunda qeyri-qanuni erməni silahlı dəstələrinin kəşfiyyat-diversiya qrupu tərəfindən təxribat məqsədilə basdırılmış piyada əleyhinə minanın partlaması nəticəsində baş verib”.

Milli Məclisin üzvü deyib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minaların basdırılması və minalanmış ərazilərin dəqiq xəritələrinin verilməməsi Ermənistanın beynəlxalq humanitar hüququn norma və prinsiplərinin açıq şəkildə pozmasıdır: “Minalar insanların həyatına təhdid törətməklə yanaşı, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması və işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin gedişatına da maneələr yaradır. Azərbaycan öz daxili imkanları hesabına mövcud təhdid və maneələrin aradan qaldırılması istiqamətində genişmiqyaslı humanitar minatəmizləmə əməliyyatları həyata keçirir. Təbii ki, aşkarlanan hər bir mina xilas edilən insan həyatıdır. Təəssüf ki, aidiyyəti beynəlxalq təşkilatlar işğaldan azad olunmuş ərazilərimizdə basdırılmış minaların dəqiq xəritələrinin ölkəmizə təhvil verməsi ilə bağlı addımlar atmır. Bu laqeydlik səbəbindən bölgədə daha şox insanın mina qurbanı olmaq riski də qalır.

İstinadlar Report