Milli Məclisin deputatları sentyabrın 12-19-da Avropa Şurası Parlament Assambleyasının (AŞPA) komitə iclaslarında iştirak edəcəklər.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, AŞPA-nın Siyasi işlər və demokratiya komitəsinin sentyabrın 12-13, Monitorinq komitəsinin sentyabrın 14-15-də keçiriləcək iclaslarında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Asim Mollazadə iştirak edəcək. Siyasi işlər və demokratiya komitəsinin iclasında region ölkələrindəki mövcud vəziyyətin siyasi təsirləri, Avropa siyasi arxitekturasının təməl daşı kimi Avropa Şurasının rolunun möhkəmləndirilməsi və digər Avropa perspektivləri mövzularında məruzələrin dinlənilməsi, müzakirələrin aparılması, müvafiq qərarların qəbul edilməsi nəzərdə tutulub. Monitorinq komitəsinin iclasında bir sıra üzv ölkələr tərəfindən öhdəliklərin yerinə yetirilməsi və qurumun monitorinq prosedurları ilə bağlı məsələlərə baxılacaq. İclaslarda Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və Avropa Şurası Parlament Assambleyasının Monitorinq komitəsinin Albaniya üzrə həmməruzəçisi Asim Mollazadə müzakirəyə çıxarılan məsələlər barədə öz fikirlərini açıqlayacaq, qeyd və təkliflərini bildirəcəklər.

Sentyabrın 16-da Parisdə keçiriləcək Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında isə deputat Könül Nurullayeva iştirak edəcək. İclasda Avropada islamofobiya və müsəlmanlara yönəlik irqi ayrı-seçkiliyə qarşı mübarizənin gücləndirilməsi, idman sahəsində qadınlara qarşı diskriminasiyaya son qoyulması, rəqəmsal texnologiyalara bərabər əlçatanlılığın yaradılması, gender bərabərsizliyi hallarının qarşısının alınması kimi aktual mövzular və digər məsələlər müzakirə ediləcək, müvafiq qərarlar qəbul ediləcək. Deputatımız tədbirdə müzakirə olunan məsələlərə öz münasibətini bildirəcək.

İstinadlar Report