Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Qarabağda sülhməramlıların mandatını müəyyənləşdirmək üçün Milli Məclisdə sənəd hazırlanmasını təklif edib.

“Diqqət mərkəzi” verilişində çıxış edən T. Zülfüqarov deyib ki, cəmiyyətdə sülhməramlılarla bağlı tənqidi fikir var: “Hesab edirəm ki, biz indiki mərhələdə vacib bir məsələyə çatmışıq. Sülhməramlıların orada vəzifəsi nədən ibarətdir? Bəziləri deyir ki, çıxsınlar, bəziləri isə bildirir ki, çıxsalar gedib ermənilərə qoşulacaqlar. Yaxud çıxsalar, bizim xeyrimizə və ziyanımıza nə baş verəcək? Bu məsələylə bağlı çoxlu suallar var. Biz özümüz suallara cavab tapmalıyıq. Onlar bizim süverenliyimizi bərpa etmək üçün nə etməlidirlər? Bizim onlar üzərində nəzarətimiz olmalıdır.

Ancaq bunlar ümumi fikirlərdir. Bunları təmin etmək üçün hesab edirəm ki, bir sənəd üzərində aktiv iş getməlidir. Sülhməramlıların mandatı məsələsi indiyə kimi həll olunmayıb. Onların vəzifəsi, nə etməli olduqları müəyyənləşməlidir.  Sülhməramlı əməliyyat keçirəndə bu qəbul edilir. Beynəlxalq qanunlar da  bunu qəbul edir. Danışıqlar yoluyla bu müzakirə edilir və sonra hansısa şəkildə təsdiqlənir. Daxili qanunvericiliyə görə Milli Məclis onu təsdiqləyir.

Beynəlxalq baxımdan bu mandata dəstək olan BMT-nin ya qətnaməsi olur, ya sədrin bəyanatı olur. Ya da sadəcə olaraq bəyanat olur. İndi biz beynəlxalq istiqamətdə gedək, yoxsa əksinə bizim qanunvericilikdənmi başlayaq? Onsuz bu sənəd nə vaxtsa xaricdən təsdiq edilməsi üçün Milli Məclisə gələcək. Ya da ki, Milli Məclis indidən bunu müzakirə edərək ortaya mövqe qoymalıdır ki, sənəddə sülhməramlıların vəzifəsi qeyd olunsun”.

İstinadlar Qafqazinfo