Milli Məclis on altı yaşınadək şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməyə görə yeni cəzaları birinci oxunuşda qəbul edib.

Bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik layihəsi parlamentin iclasında l oxunuşda müzakirəyə çıxarılır.

Layihəyə əsasən, Məcəllənin 152-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsinə dəyişiklik təklif olunur.

Dəyişikliklə on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməyə görə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Məcəllənin hazırki variantı isə belədir: “On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməyə görə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Digər dəyişikliklə isə Məcəlləyə yeni bəndlər əlavə olunur. Yeni bəndə əsasən, Məcəllənin 152.2 və ya 152.3-cü maddələrində göstərilən əməllər təkrar törədildikdə, iki və ya daha çox şəxsə qarşı törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 6 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

İstinadlar Report