
Azərbaycan iqtisadiyyatı üçün prioritet sahələrdə ciddi vergi güzəştləri tətbiq olunur.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən “Vergi xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda forumda bildirib.
“İşğaldan azad edilmiş ərazilərin reinteqrasiyasına görə təşviqlər, həssas sosial təbəqələr üçün güzəştlər, özəl sektoru stimullaşdıran addımlar, sənaye parklarında rezidentlər üçün azadolmalar, startaplar üçün stimullar, ekoloji mühiti inkişaf etdirən vergi güzəştlərini qeyd etməliyik. Bunlar, iqtisadi aktivliyə, sosial rifaha və qeyri-neft sektorunun inkişafına təkan verən mühüm islahatlar paketini təşkil edir. Vergi sistemində islahatlar və qanunvericilikdə dəyişikliklər “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hədəfləri ilə uzlaşır. Rəqəmsal alətlər vergi xidmətləri üzrə keyfiyyətin artmasına və biznes proseslərinin asanlaşdırılmasına yardım edir. Texnologiyaların inkişafı insanların vaxt itkisini aradan qaldırmağa xidmət edir. Elektron vergi xidmətlərinin genişləndirilməsi nəticəsində bu gün sahibkarlar artıq vergi öhdəliklərini minimal vaxtda yerinə yetirə bilirlər”, – deyə o qeyd edib.