“Əminəm ki, Azərbaycanın ekofəalları, aktivistləri Xankəndi-Laçın yolundakı sivil və haqlı mübarizəsində qalib olacaq”.

Bu fikirləri “Report”un Ankara bürosuna açıqlamasında Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Ərzurum millət vəkili Kamil Aydın Qarabağda ermənilərin qanunsuz istismarı və onlara qarşı azərbaycanlı fəalların etdikləri etiraza mövqeyini bildrərkən deyib.

“1990-cı illərdə Sovet İttifaqının parçalanması ilə fürsəti qənimətə çevirməyə cəhd edən Ermənistan Qarabağı, yəni Azərbaycan ərazisini işğal edib və bu zaman Xocalı qətliamını törədib. İllər sonra yenə də ermənilərin eyni qanlı arzuları gözlərində qaldı, türkün şanlı tarixi bir daha təkrarlandı və Qarabağ 44 günlük möcüzəvi mübarizə ilə azadlığını bərpa etdi. Məğlub olan isə Ermənistan idi”.

K.Aydının fikrincə, Ermənistanın Qarabağdakı son fəaliyyətləri regionda yenidən gərginlik yaratmaq cəhdləridir:

“Bu dəfə yeni bir təxribat cəhdi ilə qarşı-qarşıyayıq. Qarabağ ərazisində qeyri-qanuni istismar fəaliyyəti ilə məşğul olan Ermənistan yenidən münaqişə mühiti yaratmağa çalışır. Onlar Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətində olan yerdə yeni təxribat cəhdləri edir”.

Onun sözlərinə görə, 30 ildir işğal etdiyi torpaqlarda minadan başqa heç nə basdırmayan Ermənistan bu gün də başqa formada təxribat törədir.

İstinadlar Report