“Meymunçiçəyi virusu dünyada yeni bir virus deyil. İlk dəfə olaraq 1958-ci ildə meymunlarda rast gəlinib. Amma insanların bu virusa yoluxma faktı 1970-ci illərə təsadüf edir. O dövrdən indiyə kimi hər il bir neçə yüz yoluxma halı qeydə alınıb. Daha çox endemik bölgə Qərbi və Mərkəzi Afrika ölkələridir”.

Bunu TƏBİB-in infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva deyib.

O qeyd edib ki, son günlər bir neçə Avropa ölkəsində də bu xəstəliyə yoluxma müşahidə olunub:

“Bu ərazilərdə əvvəllər də yoluxma aşkarlanıb. Sadəcə olaraq hazırda indiyə qədər olan yoluxma halları məhz birbaşa Afrika ölkələrindən gəlmiş və yaxud da orada səyahət edən, onlarla təmasda olan insanlarda müşahidə olunurdu. Amma indi tamamilə ondan əlaqəsiz, sərbəst şəkildə yoluxma qeydə alınıb”.

TƏBİB nümayəndəsi bildirib ki, xəstəliyin adı bəzən insanlara elə təəssürat bağışlayır ki, bu meymunlardan yoluxan bir xəstəlikdir:

“Amma təkcə meymunlar deyil, bəlkə də, meymunlar yoluxdurma zəncirinin çox az bir faizini təşkil edir. Daha çox gəmiricilər, primatlar bu xəstəliyə yoluxur və onların insanları dişləməsi ilə xəstəliyi ifrazatları, ağız suyu vasitəsilə yoluxdurur. Eyni zamanda, xəstəliyə yoluxmuş heyvanların ətini tam bişirməmiş qəbul etdikdə də yoluxma halı müşahidə oluna bilər”.

N.Mustafayevanın sözlərinə görə, bir qisim hallarda insanların da bir-birinə bu virusu yoluxdurması mümkündür:

“Belə ki, bu halda insanlar arasında sıx və uzunmüddətli təmas olmalıdır, bu zaman damcı vasitəsilə (tənəffüs yollarından xaric olan) xəstə şəxs sağlam şəxsə xəstəliyi ötürə bilər. Yaxud da xəstəliyin xarakterik əlamətlərindən biri olan dəri səpkiləri vasitəsilə. Dəridə qabarcıqlar formalaşır, hansı ki, onların da içi maye və həmin bu viruslarla dolu olur. Bu səpkilərə təmas olunmaqla da bir şəxsdən digərinə keçə bilər”.

İstinadlar Qafqazinfo