Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan respublikada elit təbəqənin xalqa qarşı sinfi mübarizəsinin getdiyini bəyan edib. 

Paşinyan qarşıdakı parlament seçkilərinin məqsədindən danışarkən deyib:

“Bu seçkilər elita ilə xalqın arasındakı savaşdır. Müharibə ilə müharibədən sonrakı vəziyyətin yalnız bəhanə olduğu aydındır. Bu, sinfi mübarizəyə çevrilib. Elitanın xalqa və vətəndaşa, öz xalqına qarşı müharibəsinə çevrilib. Onlar mənə qarşı mübarizə aparırlar, çünki mənim oğlum da sizin oğullarınız kimi pivə satır. Mənim oğlum özünü başqa insanların oğularından üstün saymır. Bu isə onların qurduqları piramidanı yerlə bir edir. Çünki onların oğulları hamıdan yuxarıda olmalı, milyonlar qazanmalıdır… Deməli, Ermənistanda dinc, polad kimi möhkəm, xalq inqilabı start götürüb”.

Bəlli olduğu kimi, 20 iyun tarixində Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Seçkilərdə 25 siyasi qüvvə – 21 partiya və dörd blok iştirak edir. İyunun 11-i, səhər saatlarından etibarən Ermənistanda seçkilərdə elektron səsvermə başlayıb.