Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin, Müdafiə Nazirliyinin dəstəyi və “Fire Land Production”ın təşkilatçılığı ilə Vətən müharibəsində şəhid olmuş qəhrəmanların övladları üçün “Mənim atam qəhrəmandır” adlı layihənin növbəti silsilə tədbiri bu dəfə Şuşa şəhərində keçirilib

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən verilən məlumata görə, tədbirin məqsədi torpaqlarımız uğrunda canından keçən qəhrəmanlarımızı bir daha anmaq, onların övladlarına xalq qayğısının daimi olacağını bir daha hiss etdirmək, şəhid balalarının səmərəli istirahətini təşkil etməkdir.

Şəhid övladları səhər saatlarında hərbi polisin müşayiəti ilə onlara ayrılmış avtobuslarda Şuşa şəhərinə istiqamət alıblar. Şuşa şəhərinə “Zəfər marşı”nı ifa edərək daxil olan şəhid övladları tədbirə öz atalarının rəsmi həkk olunmuş geyimlərdə, digər uşaqlar subay şəhidlərimizin rəsmləri olan geyimlərdə, şəhid anaları isə öz övladlarının rəsmi olan və “Mənim qəhrəmanım” yazılmış geyimlərdə qatılıblar.

Şuşaya çatarkən onları İsa Bulağında Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Şuşa Şəhəri Dövlət Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov qarşılayıb. Səhər yeməyi ərəfəsində doğum günü bu günə təsadüf edən Şəhid Ramiq Hacıyevin övladı Əlini hər kəs təbrik edib. Aydın Kərimov şəhidimizin balaca balasını hədiyyə ilə sevindirərək təbrik edib və onun üçün Şuşada hazırlanmış tort kəsilib. Sonra tədbirə qonaq qismində qatılan Xalq artistləri Alim Qasımov və Zülfiyyə Xanbabayeva şəhid övladları, şəhid anaları üçün İsa Bulağında “Qarabağın maralı” mahnısını ifa ediblər.

Daha sonra tədbir iştirakçıları Yuxarı Gövhər Ağa məscidinə gedib. Orada general-mayor Polad Həşimovun anası Səmayə xanım başda olmaqla şəhid anaları namaz qılıb, Allaha dua ediblər. Sonra tədbirə qatılan Olimpiya Çempionlarımız Cıdır düzündə uşaqlar üçün güləş təlimi həyata keçiriblər. Yarışın sonunda həm əylənən, həm də yarışan uşaqların hər birini Olimpiya Çempionlarımız birinci yer medalı ilə təltif edib.

Tədbirin gedişatında şəhid anaları Şuşa qalasının önündə şəhidlərimizin ruhuna ehsan bişirərək hazırda Şuşada xidmət edən əsgərlərə ehsan veriblər.

Daha sonra tədbirin rəsmi hissəsi baş tutub. Rəsmi hissədə aparıcı Nərgiz Cəlilova qəhrəman övladlarını, şəhid analarını, şəhid xanımlarını və tədbirə qatılan digər qonaqları salamladıqdan sonra hamını müzəffər ordumuzun şəhid qəhrəmanlarını bir dəqiqəlik sükutla yad etməyə çağırıb.

Sonra tədbirin ikinci aparıcısı Lalə Azərtaş general-mayor Polad Həşimovun anasını Səmayə xanımı çıxış üçün dəvət edib. “Bu torpaqları gördükcə bir daha təsəvvür edirəm ki, burada necə ağır döyüşlər gedib, oğullarımız, şəhid balalarımız necə qəhrəmanlıqlar göstərib” – deyən şəhid anası övlad həsrətinə dözmək çətin olsa da oğlunun zəfərimizin bir parçası olması ilə qürur hissi keçirdiyini deyib. O, “Mənim atam qəhrəmandır” tədbirinin təşkilatçılarına dərin minnətdarlığını bildirərək Şuşaya ayaq basdıqları üçün xoşbəxt olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov öz növbəsində şəhid analarına belə qəhrəman övladlar yetişdikləri üçün minnətdarlıq edərək qəhrəman oğullar var olduqca bu Vətənin də var olacağını deyib.

Tədbirdə çıxış edən “Fire Land Production”un rəhbəri Cəlal Qurbanov da öz növbəsində tədbirin əsas məqsədinin öz qanı ilə tarix yazan hər bir şəhidimizin uşaqdan böyüyə hər kəsin yaddaşına həkk olunması, daim qürurla xatırlanması olduğunu bildirib. Dövlət başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin şəhid ailələrini hər zaman diqqətdə saxladığını vurğulayan C.Qurbanov bu tədbiri Şuşada keçirməyin onlar üçün şərəf olduğunu bildirib.

Rəsmi hissənin sonunda Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Şuşa Şəhəri Dövlət Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov şəhid övladlarına XarıBülbül döş nişanı hədiyyə ediblər.

Daha sonra qəhrəman övladları əsgərlərimizlə birlikdə Şuşa Qalasının önündə olan XarıBülbül nişanını, əsən güclü küləklər səbəbindən boşaldığı üçün, torpağa bərkidiblər. Bu zaman şəhid Ramiq Mikayılovun övladı Ağaseyid Mikayılov çıxış üçün söz istəyərək, təşkilatçılardan ona verilən XarıBülbül nişanını hədiyyə olaraq Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya göndərmələrini xahiş edib. “Mənim bir böyük arzum var. Mən istəyirəm ki, Novruz bayramında Cıdır düzündə İlham əmi və Mehriban xalayla birgə, şəhidlərimizin anaları və övladları ilə əl-ələ tutub tonqalın ətrafında yallı gedək” – deyə öz arzusunu dilə gətirən balaca Ağaseyid – “Mən də hər kəsin qarşısında söz verirəm ki, qəhrəman atam kimi mən də hər zaman Vətənimi qoruyacağam və sevəcəyəm” – o deyib.

İstinadlar Report