“Bilirsiniz, edilən yaxşılıqlar gərək həmin adamların arasında qala idi. O, əgər məni, nənəmi istəyirdisə, gərək, heç bu barədə danışmayaydı. Gərək bu mövzular da müzakirə olunmayaydı. Dedim, danışdımsa, elədiyim yaxşılıqlar da gücdən düşür”.
Bunu Kulis-az-a müsahibəsində Xalq artisti Nuriyyə Əhmədovanın nəvəsi Faiq İbadzadə nənəsi ilə onun yaxın rəfiqəsi, həmkarı Nahidə Orucovanın münasibətindən danışarkən bildirib.
Uzun müddət nənəsi ilə N.Orucovanın evində qaldıqlarını bildirən F.İbadzadənin sözlərinə görə, N.Əhmədova orada təmənnasız qalmayıb: “Hər şey qarşılıqlı olub. Təkcə mənəvi yox, hərtərəfli. Bu məsələ danışılanda, dedim ki, ikinizə də ayıb olsun. Yenə də sən Nuriyyə xanımın adını çəkirsən də. Ümumiyyətlə, böyüklük eləyib o mövzuya toxunmamalı idi.
Nuriyyə xanımın çox böyük ürəyi var idi. Bacısına da bacardığı köməyi eləyib. Vaxtında deyirdim ki, eləmə. Sonra ordan-burdan eşidirdim ki, kimlərəsə pul çatdırıb. Özü də deyirdi ki, Faiqin xəbəri olmasın. O adama eləyərsən ki, qədrini bilsin. Saf, təmiz adam idi”.
Faiq İbadzadə nənəsinin vəziyyətinin kəskin pisləşməsinə səbəb olan hadisələrdən də danışıb: “Qızından sonra özünə çox qapanmışdı. Yadına düşüb kövrəlirdi, ağlayırdı. Birtəhər yaşayırdı. O vaxt mən olmamışam. Sənət dostları deyirdi ki, biz o vaxt onun başını tamaşalarla, rollarla qatırdıq ki, dərdini unutsun. Az da olsa, kömək elədi, ancaq yenə də çox çətin idi. Mənə görə yaşamağa başladı. Ancaq oğlu Əlidən sonra artıq bacarmadı, çökdü. Dedi ki, mən, deyəsən, qalmayacam. Həkimə aparmaq istədim. Dedi ki, həkimlik deyil. Gərək gedərdik. İnfarkt keçirtmişdi. Necəsə qarşısını almaq olardı”.
Xalq artistininin vəfat edən qızının övladı olan F.İbadzadə uşaq vaxtlarından onun öz doğma anası olduğunu zənn edib: “Ta uşaqlıqdan məktəbə, rəqsə gedəndə görürdüm ki, oradakıların heç biri nənəm qədər qayğıkeş deyil. Hər şeyə görə narahat olurdu. Dərslərimə gəlirdi, tədbirlərimdə iştirak eləyirdi. Ona bağlılığım ən yüksək səviyyədə idi. Onu həmişə anam bilmişəm. Deyirlər ki, insan nədən qorxursa, başına gəlir. Mən də ən çox onu itirməkdən qorxurdum. Fikirləşirdim ki, ona nəsə olsa, neyləyərəm? Ancaq istər-istəməz görürdüm ki, hamının anası gəncdir, amma o daha yaşlıdır. Yenə də barışa bilmirdim. Ona “nənə” deməyə dilim gəlməyib. Uşaq vaxtı bilmirdim nənəm olduğunu. Elə bilirdim elə doğma anamdır..”
Faiq İbadzadə Nuriyyə Əhmədovanın son anlarını belə xatırlayır: “Bacısı Sevil xanım da bizdə idi. Maya xanım qızına dəyməyə getmişdi. Mənə zəng gəldi ki, ananın vəziyyəti pisdir, tez özünü evə çatdır. Təcili yardım çağırılmışdı. Mikro infarkt keçirmişdi. Həkimlər də gəlib yoxlayıb, – “yaxşısınız, heç nəyiniz yoxdur”, – deyib çıxıb getmişdilər. Sonra dedi ki, yox, çox pisəm, ürəyimin içi yanır. Təcili yardım gəldi yenə, xəstəxanaya apardıq. Həkim demişdi ki, narahat olmayın, hər şey qaydasındadır. Gecənin bir yarısı zəng gəldi ki, Nuriyyə xanımın səhhəti pisləşib. Gəldik xəstəxanaya. Reanimasiyada idi. Qapını açmaq istəmirdilər. Birtəhər açdılar. Axır 5-6 dəqiqəsinə çatdırdım özümü. Əlini tutdum. Gördüm gedir, özümü saxlaya bilmədim. Çox pis oldum. Bərk-bərk tutmuşdu əlimdən. Eləcə gülümsündü. Ancaq gözündən yaş gəlirdi. Beş dəqiqə sonra keçindi”.
Xatırladaq ki, bu gün Xalq artistinin anım günüdür. O, 2015-ci ildə 65 yaşında vəfat edib.