“Biz strateji nöqteyi–nəzərdən gələcəyə barış prizmasından yanaşırıq. Çünki mən istəyirəm ki, bir daha müharibə olmasın. Hər halda biz müharibə başlamayacağıq, əgər Ermənistan tərəfdə revanşist meyillər baş qaldırmasa. Əgər görsək ki, Ermənistanda bizə qarşı hər hansı bir təhdid yaranır, biz o təhdidi məhv etməliyik”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Anadolu Agentliyinə müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, bu, bizim legitim hüququmuzdur: “Ancaq bu təhdid olmasa, bizim başqa fikrimiz yoxdur. Qarabağda 25 min erməni yaşayır, onlar da bu işlərdə iştirak edə bilərlər – həm inşaat işlərində, həm də bərpa işlərində. Eyni zamanda, gələcəkdə biz onların yaşadıqları yerlərdə, kəndlərdə onlar üçün şərait yaradarıq.

İndi baxın, bizim Qarabağ və Şərqi Zəngəzurla bağlı planlarımız göz önündədir. Ağdam şəhərinin baş planı təsdiq edildi. Yaxın gələcəkdə Cəbrayıl və Füzuli şəhərlərinin, bütövlükdə rayonların baş planları təsdiq ediləcək. Bu, bizim gücümüzü göstərir və biz ermənilərin indi Qarabağda yaşadıqları kəndlərdə də bunu edə bilərik”.