Meksikanın ikinci böyük şəhəri Quadalaxarada polis tərəfindən saxlanılan şəxsin ölməsi ilə bağlı etiraz aksiyası keçirilib.

Ötən gün 30 yaşlı bənna Covanni Lopez polis tərəfindən inzibati pozuntuya görə saxlanılaraq polis ona qarşı güc tətbiq edib. Ertəsi gün ağır vəziyyətdə xəstəxanaya gətirildiyi qohumlarına bildirilən gəncin bir qədər sonra dünyasını dəyişdiyi ortaya çıxıb.

Yayımlanan videoda polis əməkdaşlarının Lopezi zorla maşına mindirdiyi, şahidlərin isə onun buraxılmasını xahiş etdikləri görünür.

Yerli KİV ölüm səbəbi kimi, kəllə-beyin zədəsini göstərsə də ailə üzvlərinin dediyinə görə, Ciovanninin bədənində çox sayda xəsarətlər, o cümlədən ayağında güllə yarası olduğunu bildiriblər.

Ictimai yerdə maska taxmamaq üstündə saxlanılan Ciovanni Lopezin ölümündən sonra hiddətlənən etirazçılar şəhərin tarixin mərkəzində bir neçə binaya ziyan vuraraq polis maşınlarını yandırıblar. Polislə etirazçılar arasında qarşıdurma baş verib. Xalisko ştatı qubernatoru Enrik Alfaro videomüraciətində toqquşmalar zamanı 6 nəfər polis əməkdaşının xəsarət aldığını, etirazçılardan 22 kişi və 2 qadın xeylaqının saxlanıldığını bildirib.

Xatırladaq ki, bu il mayın 25-də Minnesota ştatının Minneapolis şəhərində Corc Floyd adlı qaradərili vətəndaşın polis əməkdaşı tərəfindən öldürülməsindən sonra baş qaldıran kütləvi etiraz və iğtişaşlar qısa müddət ərzində bütün ABŞ-a, hətta xarici ölkələrə də yayılıb.

İstinadlar Reuters, Report