Vəkil Şəhla Hümbətova bloger Mehman Hüseynovun adından yayılan müraciətin məzmunundan təəccübləndiyini bildirib.

“Yanvarın 10-da 1 saylı Bakı Təcridxanasında Mehmanla görüşdüm.  Amma bu gün “Report” agentliyinin dərc etdiyi müraciəti müzakirə etmədik”, – Şəhla Hümbətova Turan agentliyinə bildirib.

Onun sözlərinə görə, ötən gün M.Hüseynov bu gün yayılan mətnin məzmununa əks fikirlər söyləyib: “O dedi ki, qida qəbul etməyəcək, ancaq süd, meyvə şirələri içəcək. Həm də bunu martın 2-nə kimi, yəni, həbs müddəti başa çatana kimi davam edəcək”.

Vəkil deyib ki, bu görüşdən sonra onun yanına kimsə getməyib. “Buna görə də mənim üçün də maraqlıdır ki, bu məktubu M.Hüseynov kiminlə göndərib”, – vəkil deyib.