“Son həftələrdə “COVID-19″ infeksiyanın yayılma sürəti artıb. Bununla əlaqədar hökumət tərəfindən bir sıra profilaktik tədbirlər görülməkdədir. Qəbul edilən hər hansı qərar yalnız o halda effektiv olur ki, hamılıqla və düzgün icra olunsun”.

Bunu baş infeksionist Təyyar Eyvazov deyib.

O bildirib ki, gigiyenik qaydaların əhali tərəfindən nə cür əməl olunmasına nəzarət çox önəmlidir. Lakin bağlı məkanlarda total nəzarət mümkün sayılmır və burada vətəndaş məsuliyyəti, ictimai qınaq ön plana çıxmalıdır.

“Bəzi insanlarda belə məsuliyyətin aşağı olması məyusedici haldır. İnfeksiyaya yoluxması təsdiqlənmiş şəxslərin yaşayış yerini tərk etməsi faktları bunu bir daha sübut edir. Müşahidələr göstərir ki, bəzi şəxslər özlərində xəstəlik əlamətləri olduqda belə buna bir o qədər də əhəmiyyət vermir və özünümüalicə ilə məşğul olurlar. Onlar özlərini təcrid etmədikləri üçün infeksiyanın digərlərinə yayılmasına səbəb olurlar. Buna görə sonrakı sərtləşmələrin tətbiq olunub-olunmaması bilavasitə əhalinin karantin qaydalarına nə səviyyədə əməl edəcəyindən və epidemioloji durumun dinamikasından asılı olacaq”, – T. Eyvazov bildirib.

Qeyd edək ki, son bir neçə ayda Azərbaycanda koronavirusa yoluxma sürətlə artır. Ümumilikdə ölkədə virusa 102396 nəfər yoluxub, 1224  nəfər vəfat edib. 

Gülnar Əliyeva

İstinadlar Qafqazinfo