Bakıda oynaq ağrıları üçün “Mediland” klinikasında MRT müayinəsi olunan 64 yaşlı Qəmzə Süleymanova komaya düşüb.

Onun həyat yoldaşı Mirzə Süleymanov prokurorluğa müraciət edərək hadisə ilə bağlı cinayət işi başlanılmasını və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsini istəyib. M.Süleymanov bildirib ki, həyat yoldaşı Qəmzə Süleymanovanın oynaqlarında hərdən ağrı ilə müşayiət olunan, ciddi hesab edilməyən problemlər olub: “Qalan orqanları sağlam idi və başqa xəstəliyi yox idi.

Martın 29-da oğlum Cavid MRT müayinəsindən keçmək və həkim məsləhəti almaq üçün anasını Xətai rayonunda yerləşən “Mediland Hospital”a apardı. Yoldaşım fobiyası olduğu üçün MRT aparatına daxil olmaqdan qorxub. Hospitalda deyiblər ki, narahat olmayın, kiçik dozada narkoz verib, sizi müayinə edəcəyik. Ödənişlər edildikdən sonra Qəmzəyə birinci doza vurulub, Cavidi də otaqdan çıxarıblar.

Müayinə çox yubanıb və 25 dəqiqə sonra müayinə otağından tibb bacısı çıxaraq həyəcanla qaçıb. Oğlum Cavid otağa daxil olanda görüb ki, həyat yoldaşımın ürəyini massaj edib, süni nəfəs verməyə çalışırlar. Orda deyiblər ki, 1 doza narkoz verildikdən sonra onun həssaslığı qaldığı üçün 2-ci, daha sonra 3-cü doza narkoz verilib”.

M.Süleymanov iddia edir ki, dozadan artıq narkoz verildiyi üçün Q.Süleymanovanın ürəyi dayanıb: “Bir qədər sonra həkimlər həyat yoldaşımın ürəyini bərpa ediblər. Lakin beyni yatıb və koma vəziyyətinə düşüb. Həyat yoldaşım iki gün “Mediland Hospital”da qaldı, hər hansı irəliləyiş olmadığı üçün biz öz vəsaitimiz hesabına onu başqa özəl klinikaya köçürdük. Orada da iki gündən sonra Qəmzəni ayıltmağa çalışdılar, lakin onda qıcolma başladı, yenidən yatızdırdılar. İndi gözlərini açsa da, heç nə eşitmir, görmür, hiss etmir, qidalanmır, reaksiya vermir, kimsəni tanımır”.

Mirzə Süleymanov qeyd edib ki, “Mediland Hospital” əməkdaşlarının bilərəkdən etdikləri hərəkət nəticəsində həyat yoldaşının gələcək sağlamlığı sual altındadır: “Onlar ürəyi bərpa etməklə bərabər ilk yardım kimi xəstəyə balonlarla oksigen verməli idilər. Həkimlər isə balonlarla oksigen vermək əvəzinə bunu pompa ilə verməyə çalışıb və ilk tibbi yardım gecikib. Təqribən 50 dəqiqə sonra onlar hardansa oksigen balonu tapıb gətirib və xəstəyə oksigen veriblər. Məhz ilk tibbi yardımın düzgün verilməməsi, 1 saata yaxın gecikməsi səbəbindən beyin bir müddət qidasız qalıb”.

Zərərçəkənin əri prokurorluğa müraciətində tələb edib ki, “Mediland Hospital”da xanımının sağlamlığına ağır zərər vurulduğu üçün cinayət işi başlanılsın: “Günahkar şəxslərin cəzalandırılmasını, təcili tibbi ekspertizalar keçirilməsini, “Mediland Hospital”dakı kamera görüntüləri, xəstəlik, müayinə və müalicə sənədlərinin dərhal götürülməsini xahiş edirəm”.

“Mediland Hospital”ın həkimi, Qəmzə Süleymanovanı müayinə edən Kərim Kərimov isə bildirib ki, doza insanın çəkisinə uyğun vurulur: “Xanımın da çəkisi 110 kilodan çox idi. Ona uyğun da doza vurulub. Dozanın artıq olmasından söhbət gedə bilməz.

Pasiyent yaşlı qadındır, onun ürək xəstəlikləri olub. Biz müayinə də etdik və ürək xəstəsi olduğu müəyyən olundu. Elə xəstələr çox olur, balaca uşaqlarda da müxtəlif xəstəliklər ola bilir, yaşlı insanlarda da. Biz sadəcə buna uyğun hazırlıqlar görürük, bu dəfə də bütün işləri görmüşdük.

Müayinənin axırında beyin-qan dövranının pozulması nəticəsində ağırlaşma olub. Bu da gözlənilən, ola bilən haldır. Buna görə də nə lazım idisə, əvvəldən hazır etmişdik. MRT otağında oksigen balonu lazım olmur. Divarda oksigen xətti olur, o xətlə də oksigen verilir. Bizim heç bir günahımız yoxdur, nə lazımdırsa, hamısını etmişik”.

İstinadlar Qafqazinfo