2020-ci illə müqayisədə 1,1 ton çox – 3 ton 45 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Bunu Daxili İşlər Nazirliyində 2021-ci ildəki fəaliyyətin nəticələri və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında nazir, general-polkovnik Vilayət Eyvazov bildirib.

174 tondan artıq narkotik xassəli bitkilərin aşkarlanıb məhv edildiyini vurğulayan nazir V.Eyvazov son illər müvafiq sahədə görülən işləri müsbət qiymətləndirib.

Bu bəlaya qarşı mübarizədə hər kəsin ümumi işə real köməkliyinin vacibliyini, həmçinin, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə vətəndaşların məlumatları əsasında müsbət nəticələri olan bir çox əməliyyatların keçirilidiyini xüsusi vurğulayıb və  bu növ cinayətlərin açılmasında da fəal vətəndaşlıq mövqeyi sərgiləyən şəxslərə təşəkkür edib.

Yeniyetmələr və gənclər arasında antinarkotik təbliğatın daha məqsədyönlü davam etdirilməsinin vacibliyinə də toxunan nazir bu istiqamətdə əsas diqqətin ölkədə narkotiklərə tələbatın azaldılmasına yönəldilməsinin əhəmiyyətini nəzərə çatdırıb.

Daxili İşlər Nazirliyinin bu məsələdə cəmiyyətin yetkin təbəqəsinə, sağlam düşüncəli hər bir vətəndaşa güvəndiyini, mediadan, sosial şəbəkələrin aktiv istifadəçilərindən, o cümlədən, bloqerlərdən daha böyük gözləntilərinin olduğunu qeyd edib.

İstinadlar Qafqazinfo