Bugün “Mədəniyyət” kanalında, saat 21:15-də Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, aprel şəhidi Mühüd Orucova həsr olunmuş sənədli film nümayiş olunacaq.

Mənəvi dəyərlərin təbliği Fondunun sifarişi ilə çəkilmiş “Vətən borcu” adlı filmdə şəhid kapitan Mühüd Orucovun həyat və döyüş yolundan bəhs olunacaq.


Filmin ideya və ssenari müəllifi Afət Telmanqızıdır.

Qeyd edək ki, bugün, 13 iyul Mühüd Orucovun doğum günüdür.

Mühüd Qurban oğlu Orucov 1984-cü il iyulun 13-də Qazax rayonunun Fərəhli kəndində anadan olub. Təhsilini öncə C.Naxçıvanski adına Hərbi Liseydə, daha sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbdə alıb, qoşun kəşfiyyatı ixtisasına yiyələnib.

“N” saylı hərbi hissədə kəşfiyyat bölüyünün kəşfiyyat tağım komandiri vəzifəsindən Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat tabor komandiri vəzıfəsinə qədər şərəfli yol keçib. Ali Baş Komandan və müdafiə naziri tərəfindən bir çox orden və medallarla təltif olunan kapitan Orucov 2016-cı il aprelin 2-də Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Mühüd Orucov göstərdiyi qəhrəmanlığa görə şəhadətindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “İgidliyə görə” medalına layiq görülüb.