Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti Azərbaycanda “yaşıl hidrogen” və “yaşıl ammonyak”ın istehsalı ilə bağlı bazar araşdırmaları aparır.

Bu barədə energetika naziri Pərviz Şahbazovun Dubayda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində “Masdar” şirkətinin icraçı direktoru Məhəmməd Cəmil Əl Rəmahi ilə görüşündə bildirilib.

Məlumata görə, “Masdar”ın icraçı direktoru ilə görüşdə Azərbaycanın “yaşıl enerji”nin inkişafı və karbon emissiyalarının azaldılması hədəflərinin yerinə yetirilməsində “Masdar” ilə 10 QVt-lıq bərpa olunan enerji layihələri üzrə əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.

Söhbət zamanı şirkətlə ilkin mərhələdə quruda və dənizdə 4 QVt “yaşıl enerji” layihələrinin icrası, bu çərçivədə ümumi gücü 1 QVt olan günəş və külək elektrik stansiyaları üzrə oktyabrda imzalanmış İnvestisiya müqavilələrindən irəli gələn məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bildirilib ki, hazırda quruda və dənizdə bərpa olunan enerji mənbələrinin sahələrinin müəyyən edilməsi və müvafiq qurumlarla razılaşdırılması prosesi həyata keçirilir.

P. Şahbazov Dubayda keçirilən COP28 çərçivəsində bir sıra görüşlər də keçirib. Nazir Pakistanın Keçid Hökumətinin energetika və neft naziri Məhəmməd Əli ilə də görüşüb.

Görüşdə bu ilin iyul ayında Pakistana uzunmüddətli mayeləşdirilmiş təbii qaz (LNG) təchizatı üzrə imzalanmış müqavilənin icrası, neft məhsullarının tədarükü və ikitərəfli enerji əməkdaşlığının digər mühüm istiqamətləri barədə müzakirələr aparılıb. Ölkələr arasında qardaşlıq və dostluq münasibətlərinin geniş spektrli əməkdaşlığa imkan yaratdığı qeyd olunub.

Rumıniya Parlamentinin ətraf mühit və ekoloji tarazlıq komissiyasının prezidenti Virgil-Daniel Popesku ilə görüşdə isə iki ölkə arasında enerji tərəfdaşlığının inkişafına dair fikir mübadiləsi aparılıb.

İstinadlar Report