Masallı rayonunda istismarına icazə verilən obyektlərin çıxarışları sahibkarlara təqdim olunub.

Azərbaycan Respublikası Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq, istismarına icazə verilən obyektlərə çıxarışın təqdim olunması davam edir.

Fərmanın icrası çərçivəsində iyunun 14-də Masallı rayonunda bu kateqoriyadan olan obyektlərin çıxarışları sahibkarlara təqdim olunub.

Qeyd edək ki, bu ilin 10 iyun tarixinədək 6 min 743 qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair yerquruluşu planı tərtib edilərək aidiyyəti üzrə təqdim olunub, 546 qeyri-yaşayış binası üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq, hüquq sahibləri elektron çıxarışla təmin ediliblər.

Qeyri-yaşayış binalarına mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməsi sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, daşınmaz əmlak bazarının canlanmasına şərait yaradır. Belə ki, sahibkarlar mülkiyyət hüququ təsdiq olunmuş əmlakını girov, sığorta, alqı-satqı və digər əməliyyatlar üçün istifadə edə bilərlər. Sahibkarlıq subyektlərinin əmlakına mülkiyyət hüquqlarının tanınması yeni iş yerlərinin açılmasına, sosial ödənişlərin həcminin artmasına, məşğulluq səviyyəsinin yüksəldilməsinə əhəmiyyətli töhfə verir. Fərmanın icrası qeyri-yaşayış təyinatlı tikinti obyektlərinin təhlükəsiz istismarının təmin edilməsi baxımından xüsusi önəm kəsb edir.