Masallıda qohumlarına, eləcə də atasına məxsus əmlakı qəsdən yandıran şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, oktyabr ayının 29-da Masallı rayonunun Bədəlan kəndi ərazisində Nicat Həsənova məxsus evdə yanğın baş verib.
Nəticədə 100 kv.m. sahədə konstruksiyalar və oradakı əşyalar yanıb, xəsarət alan olmayıb.

Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində evi qəsdən yandırmaqda şübhəli bilinən kənd sakini Taleh Həsənov müəyyən edilərək saxlanılıb. Polis əməkdaşları tərəfindən onun digər analoji cinayət əməllərinin də üstü açılıb.

Belə ki, onun oktyabr ayının 19-dan 31-dək olan müddətdə həmkəndliləri olan qohumları Vüqar Məmmədzadənin evini və Hakim Həsənovun “VAZ-2106” markalı avtomobilini, habelə atasına məxsus yardımçı təsərrüfatı yandırdığı da müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə cinayət işi başlanılıb.

İstinadlar Qafqazinfo