Fransa hökuməti Martinik xalqına divan tutur. Fransa mətbuatı öz ölkəsinin ədliyyə sisteminin imicinə xələl gətirməmək üçün susdurulur.

Bunu “Report”un ABŞ bürosuna açıqlamasında Martinik Ədalət Təşkilatının üzvü Arnaud Maurıce-Ingargıola deyib.

O, Fransa hökumətinin Martinik xalqının torpaqlarını əlindən aldığını və müxtəlif bəhanələrlə onları həbsə göndərdiyini deyib: “Təşkilatımızın prezidenti Herve Pinton ölkənin ədliyyə sistemində yayılmış korrupsiya hallarını pislədiyi üçün Fransa hökuməti tərəfindən qanunsuz olaraq həbs edilib. O, nəinki qanunsuz tutulub, hətta onun bütün əmlakı da müsadirə edilib. Mən və təşkilatımızın aktiv üzləri bu gün onun səsini dünyaya çatdırmaq üçün mübarizə aparırıq. Herve Pinto Martinik xalqının sadəcə bir fərdidir, bizim yüzlərlə nümayəndəmiz bu gün Fransanın ədalətsizlik və zülmlərinin qurbanıdır. Ata-babalarımızdan miras qalan torpaqlarımız zorla əlimizdən alınır. Ölkənin daşınmaz əmlak qanunlarına görə bizim torpağımızda yaşayan istənilən şəxs yalandan şahid gətirməklə buranın onun olduğunu sübut edə bilər. Hazırda 100-dən çox sakinin torpağı əllərindən alınıb və bu halların hüquqi müstəvidə həlli üçün məhkəmələrə müraciət olunarsa, bu proses 20-30 il davam edir”.

Martinik nümayəndəsi vurğulayıb ki, Fransa konstitusiyasına görə mülkiyyət toxunulmaz və müqəddəsdir.

“Amma Fransanın ədliyyə sistemi istənilən şəxsi bizim mülkümüzə sahib çıxara bilir. Bu, dözülməz bir vəziyyətdir. Yuxarıda bəhs etdiyim Martinik Ədalət Təşkilatının rəhbəri H.Pinton torpağını geri almaq üçün məhkəməyə müraciət etmişdi və 26 ildən sonra, ötən il məhkəmə onun lehinə qərar verdi. Qərara görə, torpaq ona məxsusdur. Amma məsələ burasındadır ki, onun torpağında 35 ev tikilib və hər bir evin indiki sahibi öz haqqını istəyir. Fransa ədliyyə sistemi isə qərarın icrasını təmin etmir. H.Pinton xüsusilə hakimlərin ədliyyə sistemindəki qanunsuz fəaliyyətlərini aşkara çıxarmışdı. Elə buna görə də Fransa hökuməti onu heç bir əsas olmadan həbs etdi”, – o qeyd edib.

İstinadlar Report