
Azərbaycan və İspaniya strateji tərəfdaşlardır və Bakıda biznes forumun keçirilməsi bu əlaqələrin daha da möhkəmləndirilməsinə yönəlib.
Bunu CEOE Beynəlxalq Əlaqələr Komitəsinin prezidenti Marta Blanko Bakıda keçirilən Azərbaycan-İspaniya biznes forumunda bildirib.
O vurğulayıb ki, iki ölkənin rəsmi qurumları arasında fəal əməkdaşlıq biznesin inkişafı üçün etibarlı zəmin yaradır: “Hökumətlər konstruktiv dialoq apararaq biznes üçün əsas məsələlərin həlli üzərində işlədikdə, bu, şirkətlərə inam və investisiyalara töhfə verir”.
M.Blankonun sözlərinə görə, Azərbaycan Avropa və Asiya arasında mühüm strateji mövqeyə malikdir, dayanıqlı iqtisadiyyata sahibdir: “Ölkə müasir infrastruktura investisiyalar yatırılmasına və xarici ticarətin inkişafına diqqət yetirir. Bundan əlavə, Azərbaycanın gənc ixtisaslı kadrları var, qonşu ölkələrlə azad ticarət sazişləri və Türkiyə ilə preferensial ticarət sazişi mövcuddur”.