
ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli Ukraynanın Donetsk vilayətinin şiddətli döyüşlərin getdiyi Baxmut şəhəri uğrunda 6 minə yaxın “Vaqner” ÖHŞ muzdlusunun və daha 20-30 min cəlb edilmiş rekrutların savaşdığını bildirib.
Bu barədə general CNN-ə danışıb.
“Hazırda onlar (“vaqnerçilər” – red.) əsasən Baxmutda döyüş əməliyyatları aparırlar. Orada təqribnə 6 min civarında muzdlu və, böyük ehtimalla, daha 20 və ya 30 min rekrut döyüşür ki, onlarnı çoxu həbsxanadan çıxıb. Onlar Baxmut ərazisində böyük itkilər verirlər”, – M. Milli vurğulayıb.
Qeyd edək ki, “Vaqner” ÖHŞ rusiyalı sahibkar (eyni zamanda mətbuatda “Putinin aşpazı” kimi tanınır) Yevgeni Priqojın tərəfindən yaradılan və idarə olunan qeyri-dövlət yaraqlı qruplaşmasıdır.
2014-cü ildən qruplaşma Ukraynanın işğal altındakı bölgələrində, daha sonra isə Suriyada Bəşşar Əsədə sadiq qüvvələrin nəzarət etdiyi ərazilərdə fəaliyyət göstərir. 2017-ci ilin iyun ayında “Vaqner” ÖHŞ ABŞ-ın sanksiya siyahısına daxil edilib. 2021-ci ilin dekabrında Avropa İttifaqı (Aİ) qruplaşmanı Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə xələl gətirməkdə, Suriya və Liviyada sabitliyi, habelə insan haqlarını kobud şəkildə pozmaqda ittiham edərək ÖHŞ-yə sanksiyalar tətbiq edib. 2022-ci ilin martın 8-də, yəni Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra Yaponiya da qruplaşmaya qarşı sanksiyalar tətbiq edib. BMT və Fransa “Vaqner” muzdlularını Mərkəzi Afrika Respublikasında zorlama və quldurluqda ittiham edir.