Sosial şəbəkələrdə maliyyə piramidası şəklində şəbəkə quraraq dələduzluq sxemi yaradıb vətəndaşların külli miqdarda pul vəsaitlərini ələ keçirməkdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Habil Bədəlov 1 il 6 ay, Yasin Əmirli 1 il 6 ay, Səbahir Fərzəliyev 1 il 6 ay, Amin Hüseynov 2 il və Əlövsət Mazandarov isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, həmin şəxslər Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma zamanı Azərbaycanda son dövrlər xüsusən internet istifadəçiləri arasında əsası 2018-ci ildə xarici ölkələrdən birində qoyulan “Crowd-1” dələduzluq sxeminin toruna düşən şəxslərin üstünlük təşkil etdiyi müəyyən edilib.

Baş İdarənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ölkə ərazisində yayılmış “Crowd-1” dələduzluq sxeminə rəhbərlik edən şəxslər müəyyən edilib.

Qeyd olunan beynəlxalq dələduzluq piramida sxemini təşkil etməklə ona rəhbərlik edən Habil Bədəlov və digər 5 şəxs ətrafında əməliyyat-texniki tədbirlər keçirilib, dəstənin cinayət əməlləri barədə sübutlar toplanılıb. Şəbəkəyə rəhbərlik edən Habil Bədəlov və üzvləri Amin Hüseynov, Əlövsət Mazandarov, Səbahir Fərzəliyev, Yasin Əmirli və Göyçək Dünyamalıyeva qısa zamandan saxlanılaraq Baş İdarəyə gətirilib və onlar ilkin izahatlarında “Crowd-1″in piramida dələduzluq sxemi olduğunu etiraf ediblər. Onlara məxsus Bakı və Gəncə şəhərlərində yerləşən ofislərə baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən elektron sübutlar aşkar olunaraq götürülüb.

Araşdırma zamanı məlum olub ki, onlar dələduzluq piramidasına bu müddət ərzində xeyli sayda vətəndaşı cəlb edə biliblər. Dəstə üzvləri onlara müraciət edən şəxsləri guya beynəlxalq şirkətə investisiya qoyduqlarını və bu işdən yüksək qazanc əldə edəcəklərinə inandıraraq vətəndaşların etibarından sui-istifadə etməklə aldadıblar. Piramidaya qoşulan şəxslərə əvvəlcədən vəd olunub ki, üç fərqli paketlərdən birini əldə etdikdə oyun, təhsil, turizm və sair sahələrlə əlaqəli platformalarda endirimlər, eləcə də “Crowd-1”-ə cəlb etdikləri hər bir şəxsə görə, həmçinin qoşulma üçün ödədikləri pullardan aylıq gəlir şəklində ödənişlər əldə edəcəklər.

Müəyyən edilib ki, dələduz şəbəkə tərəfindən təklif olunan platformaların heç biri fəaliyyət göstərmir. Həmçinin vətəndaşlara “Crowd-1” şəbəkəsinə ödənilən pullardan vəd olunan gəlirlər həmin şəbəkə daxilində istifadəçilərin hesablarında göstərilsə də, o pulları nağdlaşdırmaq və ya bank kartlarına köçürmək mümkün deyil. “Crowd-1” zərərçəkənlərə 99 avrodan 2499 avroya qədər ödəniş paketləri təklif edib.

İstinadlar Report