
Maldiv Respublikası Hindistandan öz qoşunlarını ölkədən çıxarmağı tələb edib.
Bu barədə ölkə prezidenti Mohamed Muizzunun ofisi məlumat yayıb.
Muizzu oktyabrda keçirilən prezident seçkilərində qalib gəlib və noyabrın 17-də and içib. Onun seçki vədlərindən biri Hindistan ordusunun ada respublikasından çıxarılması idi. O, andiçmə mərasimindən dərhal sonra bununla bağlı rəsmi müraciət edəcəyini bildirib. Müxtəlif mənbələrə görə, Maldiv adalarında 40-70 hind əsgəri var.
Qeyd olunub ki, tələb bu gün Maldiv prezidenti Mohamed Muizzunun Hindistanın yer elmləri naziri Kiren Ridjidju ilə görüşü zamanı səslənib.
Hindistan və Maldiv adaları 1988-ci ildən bəri müdafiə sahəsində fəal əməkdaşlıq edir. Belə ki, o zaman Hindistan ordusu Maldiv prezidenti Momun Abdul Qayumanın xahişi ilə “Tamil İlama” Azadlıq Pələngləri”nin çevriliş cəhdinin qarşısını almışdı.
Çin tərəfdarı kimi bilinən Muizzu, sələfi İbrahim Məhəmməd Solih dövründə Hindistanın xeyrinə olan ticarət nisbətini balanslaşdırmaq və bu ölkənin hərbi personalını çıxarmaq vədi ilə seçki kampaniyası aparıb və qalib gəlib.
Seçkilər Hind okeanı arxipelaqında hansı regional gücün – Çinin və ya Hindistanın – ən böyük təsirə malik olacağına dair virtual referendum kimi görünmüş oldu. Həm Maldiv adalarının ən yaxın qonşusu olan Hindistan, həm də Çin strateji baxımdan şərqlə qərbi birləşdirən gəmiçilik marşrutu üzərində yerləşən bu adalarda nüfuz uğrunda mübarizə aparır.
Maldiv adalarındakı Hindistan əsgərlərinin sayı ictimaiyyətə məlum deyil. Tənqidçilər deyirlər ki, Hindistan və sabiq prezident Solih arasında Hindistan hərbi personalının rolu və sayı ilə bağlı razılaşmanın məxfiliyi şübhə və şayiələrə səbəb olub. Yalnız Hindistan ordusunun bu ölkə tərəfindən hədiyyə edilmiş iki vertolyotu idarə etdiyi və dənizdə köməksiz qalan və ya fəlakətlərlə üzləşən insanların axtarış-xilasetmə əməliyyatlarına kömək etdiyi bilinir.
Maldiv adalarının strateji kommunikasiyalar naziri İbrahim Xaleel Associated Press-ə bildirib ki, prezident özü hələ həftə sonundan sonra rəsmilərdən Hindistan əsgərlərinin sayını öyrənməli olacaq.
O, Hindistanla müzakirələrin səmimi şəkildə keçdiyini və Maldiv adalarının geri çəkilmənin tezliklə baş tutacağına ümid etdiyini bildirib.
Muizz-in müttəfiqi, keçmiş prezident Abdulla Yamin 2013-2018-ci illərdə prezidentliyi dövründə Maldiv adalarını Çinin “Bir kəmər və yol” təşəbbüsünün bir hissəsinə çevirib. İnkişaf təşəbbüsü Asiya, Afrika və Avropa boyunca ticarəti və Çinin təsirini genişləndirmək üçün dəmir yolları, limanlar və avtomobil yollarının tikintisini nəzərdə tutur.