Fransa Milli Assambleyasının Bürosu ölkə Prezidenti Emmanuel Makronun impiçmenti prosedurunun başladılması barədə qətnamə layihəsini təsdiq edib.
Bu barədə məlumatı “Le Parisien” qəzeti yayıb.
Layihə bundan sonra müzakirə üçün Qanunvericilik məsələləsi üzrə Komitəyə göndəriləcək. Sənədin təsdiq edilməsi üçün Milli Assambleyanın (parlamentinin aşağı palatası) deputatlarının üçdə ikisi onun lehinə səs verməlidirlər. Layihə daha sonra Senata (parlamentin yuxarı palatası) göndərilməlidir. Hər iki palata sənədi dəstəkləyərsə, deputat və senatorlar birgə iclas keçirməlidirlər.
İmpiçment üçün isə iki palatanın 925 üzvündən azı 617-si qətnaməni dəstəkləməlidir.
Xatırladaq ki, sözügedən qətnamə avqustun 31-də Milli Assambleyanın Bürosuna təqdim edilib. Qətnamə solçu “Ram edilməz Fransa” partiyası tərəfindən irəli sürülüb. Təşəbbüsün irəli sürülməsinə səbəb Makronun solçuların parlament seçkilərində uğur qazanmasına baxmayaraq onların nümayəndələrinə yeni hökumətin formalaşdırılması prosesində yer verməməsi olub.