
Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Brijit Makronun cinsi mənsubiyyəti barədə böhtana görə məhkum edilmiş Nataşa Reyin işi üzrə məhkəmə dinləmələri mayda keçiriləcək.
Bu barədə məhkumun vəkili Fransua Danqlean məlumat verib.
“Paris tribunalının 12 sentyabr 2024-cü il tarixli hökmü saxtadır. Biz ona etiraz etdik. Mayın 14-15-də apellyasiya məhkəməsi qarşısında çıxış edəcəyik”, – o bildirib.
Onun sözlərinə görə, Makron ailəsinin vəkilləri N.Reyə qarşı sübutları saxtalaşdırıblar.
“O, 18 bəyanata görə ittiham olunurdu. Lakin bunlara görə təqsirli sayılmadı. Amma onu ittihamda olmayan dörd tezisə görə məhkum etdilər. Beləliklə, bu saxta hökmdür”, – vəkil bildirib.
Müstəqil jurnalist Reyə qarşı Fransada iki iddia qaldırılıb. Biri Brijit Makron və qardaşının Paris məhkəməsinə verdiyi şikayətlə bağlı idi. Digər proses Brijit Makronun birinci nikahından olan keçmiş ailə üzvlərinin şikayətindən sonra baş tutub.
Paris məhkəməsi 2024-cü ilin sentyabrında Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Brijitin kişi doğulduğunu iddia edən Nataşa Rey və Delfin Jequss adlı iki qadını 13,5 min avro cərimələyib.