Paytaxtda yerləşən mağazalara və gözəllik salonlarına daxil olaraq, xidmət personalını qeyri-etik ifadələrlə təhqir edən, sosial şəbəkələrdə narkotik və psixotrop maddələri təbliğ edən şəxs müəyyən olunaraq saxlanılıb.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, 1990-cı il təvəllüdlü Tağıyev Kənan Telman oğlunun şəxsi axtarış zamanı üzərindən və yaşadığı ünvandan psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.

O, ilkin ifadəsində narkotik istifadəçisi olmasını, törətdiyi qanunsuz hərəkətlərin narkotik vasitələrin təsiri altında etdiyini etiraf edib.

K.Tağıyev barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlayıb, istintaq hərəkətləri davam etdirilir.

Xatırladaq ki, saxlanılan şəxs bir müddət əvvəl mağazaya hücum edərək satıcını, eyni zamanda bölmədə polis əməkdaşını təhqir edib. O, bir neçə gün əvvəl məşhur müğənni İradə İbrahimovanın bacısı Nigar İbrahimovaya məxsus “İN Studio” gözəllik mərkəzinə basqın edib.