Venesuela Prezidenti Nikolas Maduro ölkə Milli Assambleyasını Qayana ilə mübahisəli Qayana-Essekibo ərazisini qorumaq üçün qanun qəbul etməyə çağırıb.

Bu qanunun bir hissəsi olaraq Venesuela daxilində yeni dövlət yaranacaq.

Maduro həmçinin bu torpaqların sakinləri üçün sosial yardım planının dərhal işə salındığını, siyahıyaalma və sənədlərin verildiyini elan edib.

“Qayana-Essekibonun qorunması üçün təşkilati qanunun əsas məqsədlərindən biri Venesuelalıların bir çox nəsilləri tərəfindən arzulanan bu həlli həyata keçirmək və birdəfəlik Venesuelanın 24-cü Qayana-Essekibo ştatını yaratmaqdır”, – dövlət başçısı deyib.

Venesuela lideri vurğulayıb ki, parlamentarilər uzun məsləhətləşmələrdən sonra “yaxşı, gözəl qanun” qəbul etməlidirlər.

Xatırladaq ki, Venesuelada bazar günü, dekabrın 3-də qonşu Qayana ərazisinin demək olar, üçdə ikisinin ilhaqı ilə bağlı referendum keçirilib. Venesuelalıların böyük əksəriyyəti bu qərarı dəstəkləyib.

Referendum iştirakçılarının 95%-i Cənubi Amerikanın şimal-şərqindəki neftlə zəngin Essekibo bölgəsinin Venesuelaya daxil edilməsini dəstəkləyib.

İstinadlar Report