
ABŞ-nin Venesuelanın neft-qaz sektoruna qarşı sanksiyalarını bərpa etməsinə baxmayaraq, bu sahə inkişaf edəcək.
Bunu Venesuela Prezidenti Nikolas Maduro “Venezolana de Televisión” telekanalının yayımladığı dövlət neft-qaz şirkəti “Petr leos de Venezuela S.A”nın (PDVSA) işçiləri ilə görüşündə deyib.
“Nə blokada, sanksiyalar, nə də lisenziyalar Venesuelanın neft, qaz və neft-kimya sənayesinin istehsalını dayandıra bilər”, – Maduro bildirib. O hesab edir ki, Venesuela 7 il ərzində inkişaf edəcək və qlobal enerji bazarında əsas istehsalçılardan birinə çevriləcək. Maduro ABŞ-nin Venesuela neftinə qarşı sanksiyaları yüngülləşdirən 44 saylı Ümumi Lisenziyanı yeniləməmək qərarına toxunaraq, “PDVSA-nın inkişafı, böyüməsi üçün lisenziyalara ehtiyacı yoxdur və heç kim əsas enerji sənayemizin böyüməsini dayandırmayacaq”, – deyib.
Prezident deyib ki, Birləşmiş Ştatlar düz bir il əvvəl Venesuela Bolivar Respublikası hökuməti ilə birbaşa, qeyri-rəsmi, gizli danışıqlara başlamaqda israr edib. O qeyd edib ki, Qətər, İtaliya və Meksikada keçirilən danışıqların yeddi raundu zamanı diplomatik münasibətlərin bərpası, miqrasiya məsələləri və sanksiyaların aradan qaldırılması məsələləri müzakirə olunub.
“Bütün görüşlərdə yeganə tələb irəli sürdük – heç bir şərt olmadan, Venesuela cəmiyyətinə qarşı bütün birtərəfli cinayət tədbirlərini, bütün sanksiyaları və blokadaları ləğv etmək”, – Maduro bildirib. O, Venesuelanın ABŞ-la bağladığı müqavilələrin bütün müddəalarını yerinə yetirdiyini vurğulayıb. Maduronun sözlərinə görə, Vaşinqton “heç bir razılaşmanı, xüsusən də Venesuela cəmiyyətinə və iqtisadiyyatına qarşı bütün cinayət sanksiyalarının ləğvi ilə bağlı razılaşmanı yerinə yetirməyib.