Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Madat Babayan Ermənistan silahlı qüvvələrinin tərkibində Xocalı soyqırımında iştirak etdiyini etiraf edib.

Dindirilərkən 1992-ci il fevralın 25-də və 26-da Xocalıda olduğunu təsdiqləyib və deyib: “Bizi oraya dəstə rəhbərimiz aparmışdı. Adı Henrik Tamrazyan idi. Məqsəd o idi ki, azərbaycanlılar Xocalıdan çıxarılsın”.

O, Xocalıda bütün əmrləri “Xolostoy” ləqəbli Arkadi Şirinyanın verdiyini qeyd edərək bildirib: “Bizə isə əmrləri Vanik Petrosyan verirdi. Silahsız insanlara atəş açıb onların qətlə yetirilməsi əmrini Vanik verib. Vanik və Arkadi insanların barmaqlarını, meyitlərin qulaqlarını kəsirdilər”.

M.Babayan Xocalıya silahlarla gəldiklərini, zirehli texnikalardan istifadə edildiyini təsdiqləyib. Təqsirləndirilən şəxs silahsız insanların qətlində iştirakını etiraf edib və deyib: “Səhv etmişik”.

O, Xocalıda aralarında uşaqların, qocaların və qadınların da olduğu təxminən 150 meyit gördüyünü, meyitlərin erməni hərbçiləri tərəfindən maşınlara yığılaraq aparıldığını bildirib.

İstinadlar Report