Bu gün Rusiya dövlət başçısı Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı baş tutub.

Bu barədə Kremlin rəsmi saytında məlumat verilib. Prezidentlər ikitərəfli gündəliyi müzakirə ediblər.

“Rusiya və Belarus arasında müttəfiqlik münasibətlərinin hərtərəfli möhkəmləndirilməsi üçün qarşılıqlı inam ifadə edilib”,- deyə açıqlamada qeyd olunub.

Tərəflər ikitərəfli gündəliyin bəzi vacib məsələlərini müzakirə ediblər. Telefon danışığı zamanı xüsusilə, Dağlıq Qarabağ nizamlanması mövzusuna da toxunulub.

Xatırladaq ki, Belarus Prezidenti Aleksandr Lukaşenko aprelin 13-ü Azərbaycanda rəsmi səfərdə olub. O, səfər çərçivəsində Prezident İlham Əliyevlə iki görüş keçirib.

Belarus Prezidentinin rusiyalı həmkarıyla Qarabağ məsələsini müzakirə etməsini necə qiymətləndirmək olar?

Suala aydınlıq gətirən politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Aleksandr Lukaşenko Bakıdakı açıqlamalarında Azərbaycana dəstək verdiyini gizlətmədi:

“Lukaşenko onu da dedi ki, Minsklə Bakı arasında fikir ayrılığı yaradan heç bir məsələ yoxdur. Mümkündür ki, qapalı görüşdə rəsmi Bakının “İsgəndər” raketləriylə bağlı Moskvanın siyasətindən narazılıq da səsləndirilib. Belarus Rusiyanın müttəfiqi sayılır. Ona görə Bakı Moskva ilə təmaslarında Minskin imkanlarından da istifadə edə bilər. Lukaşenkonun belə bir təcrübəsi var. Belarus Prezidenti daha öncə Azərbaycan Prezidentinin Qarabağ münaqişəsinin həlliylə bağlı mesajlarını Ermənistanın keçmiş prezidentinin də diqqətinə çatdırmışdı”.