“Azərbaycandan İtaliyaya təbii qaz nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Əlcəzairdən sonra ölkənin ikinci ən böyük qaz tədarükçüsünə çevrilib”.

Bunu TAP AG konsorsiumunun icraçı direktoru Luka Şippati (Luca Schieppati) bildirib.

Onun sözlərinə görə, TAP ilə İtaliyaya ilin sonuna kimi 9 milyard kubmetrdən çox təbii qaz nəql ediləcək ki, bu da 2021-ci illə müqayisədə 2,5 milyard kubmetr çoxdur.

Qeyd edək ki, Ukraynadakı müharibədən sonra İtaliyanın əvvəllər ən böyük qaz tədarükçüsü olan Rusiyadan asılılığını azaltmaq üçün qaz tədarükünü diversifikasiya edir.

Xatırladaq ki, TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.

TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud – 14,4 milyard kubmetrə qədər, qismən – 17,1 milyard kubmetrə qədər və tam – ildə 20 milyard kubmetrə qədər.

İstinadlar Report