Ötən gün “Black Lives Matter” (BLM) beynəlxalq hərəkatının Londonda təşkil etdiyi etiraz aksiyaları zamanı 13 nəfər saxlanılıb.

Minneapolisdə qaradərili Corc Floydun polis əməkdaşı tərəfindən öldürülməsinə etiraz edən minlərlə sakin nahar fasiləsi zamanı paytaxtın mərkəzindəki Hyde Parkda toplaşaraq parlament binası istiqamətində yürüşə başlayıblar.

Əvəvlcə dinc ovqatda başlayan nümayiş baş nazir Boris Consonun iqamətgahı yaxınlığında bir qədər gərginləşib, hökumət binasının qapısına tərəf şüşə butulkalar atılıb. Axşam hava qaralanda hadisə yerinə cəlb edilmiş polis nümayişçilərə qarşı güc tətbiq edib.

Qeyd edək ki, irqçiliyə qarşı etiraz nümayişləri həmçinin Liverpol, Kardiff, Mançester, habelə qonşu İrlandiyada ABŞ səfirliyi qarşısında keçirilib.

Xatırladaq ki, mayın 25-də Minneapolisdə (Minnesota ştatı) 46 yaşlı qaradərili sakin Corc Floyd Derek Çavin adlı polis əməkdaşının onu yerə yıxıb dizilə 9 dəqiqə ərzində boğazını sıxması nəticəsində dünyasını dəyişib. Bu hadisədən dərhal sonra şəhərdə başlayan kütləvi etiraz və iğtişaşlar tezliklə başqa şəhərlərə də sirayət edib.

İstinadlar Report