
Böyük Britaniyanın paytaxtı Londonda Heydər Əliyev Fondunun və Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunan rəsmi qəbul keçirilib.
Tədbirdə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri Nərgiz Paşayeva, Böyük Britaniyada akkreditə olunmuş diplomatik korpusun, dövlət qurumlarının və parlamentin nümayəndələri, iş adamları iştirak ediblər.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə çıxış edərək müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlər barədə məlumat verib. Qeyd edib ki, cəmi 23 ay ömrü olan respublika qısa müddətdə ciddi uğurlara imza atıb, dünyanın aparıcı dövlətləri ilə diplomatik münasibətlər qurub, qadınlara ilk dəfə seçki hüququ verib. Diplomat 1991-ci ildə müstəqilliyini bərpa edən respublikamızın bu gün dünyada uğurlu daxili və xarici siyasət yürüdən, inkişaf edən demokratik dövlət kimi tanındığını vurğulayıb.
Azərbaycanla Böyük Britaniya arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə sürətlə inkişaf edən əlaqələrdən danışan Tahir Tağızadə Böyük Britaniyanın Azərbaycan üçün etibarlı tərəfdaş olduğunu qeyd edib, hər iki ölkə arasında son 27 il ərzində möhkəm əməkdaşlığın qurulduğunu diqqətə çatdırıb.
Təhsil sahəsində əməkdaşlıqdan bəhs edən səfir Oksford Universiteti nəzdində fəaliyyət göstərən Nizami Gəncəvi Mərkəzinin uğurlarından, o cümlədən akademik Nərgiz Paşayevanın 2018-ci il oktyabrın 11-də Oksford Universitetinin Kansleri Lord Patten Barnesin rəhbərlik etdiyi Xeyriyyəçilər Komitəsinin üzvlüyünə təntənəli surətdə qəbul olunmasından söhbət açıb. O, həmçinin Oksford Universiteti rəhbərliyinin və Elmi Şurasının qərarı ilə Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun adının Kanslerin Xeyriyyəçilər Komitəsinin daimi üzvü kimi dünya şöhrətli alimlər, ictimai xadimlər və nüfuzlu təşkilatlarla yanaşı, XVII əsrə aid Klarendon binasının xatirə lövhəsinə həkk olunmasından danışıb.
Tədbirdə Azərbaycanın müxtəlif beynəlxalq platformalarda Böyük Britaniya ilə birgə fəaliyyət göstərdiyi bildirilib, Prezident İlham Əliyevin Londona son səfərinin ikitərəfli əlaqələrin inkişafına töhfə verdiyi vurğulanıb.
Tədbir çərçivəsində Heydər Əliyev Fondu tərəfindən təşkil edilən sərgidə Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair foto və sənədlər, video və audiomateriallar, Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə həsr olunan sənədli film nümayiş etdirilib, musiqi proqramı təqdim olunub.