London Ali Məhkəməsi “WikiLeaks”in qurucusu Culian Assanjın ABŞ-yə ekstradisiyasına qarşı apellyasiya şikayəti üzrə iki günlük dinləmələrə başlayacaq.

Bu baxış iclası 52 yaşlı avstraliyalı üçün Britaniya məhkəmələrində sonuncu ola bilər.

İclas bu gün yerli vaxtla saat 10:30-da (Bakı vaxtı ilə 14:30) başlayacaq və iclasa iki hakim – Kral Skamyasının məhkəmə kollegiyasının rəhbəri Viktoriya Şarp və hakim Adam Conson sədrlik edəcək. Onlar London Ali Məhkəməsinin hakimi Conatan Sviftin 2023-cü ilin iyununda çıxardığı hökmü qiymətləndirəcəklər. O, Assanjın vəkillərinin avstraliyalının Böyük Britaniyadan ABŞ-yə ekstradisiyası ilə bağlı verdiyi apellyasiya şikayətini bütün səkkiz maddə üzrə rədd edib.

Əgər bu apellyasiya uğurlu olarsa, Assanjın müdafiəsi Britaniya məhkəmələrində onun ABŞ-yə təhvil verilməsinə etiraz etmək imkanı əldə edəcək. Əks halda, onlar bundan məhrum olacaqlar. Belə bir ssenaridə “WikiLeaks”in təsisçisinin ABŞ-yə transferinin qarşısını almaq üçün son imkanlardan biri Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) müraciət ola bilər.

İstinadlar Report