Böyük Britaniya, Almaniya və Fransa İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı (HBFP) çərçivəsində mübahisələrin həlli mexanizmini işə salır.

Bu barədə adıçəkilən Avropa ölkələrinin xarici işlər nazirlərinin yaydığı bəyanatda deyilir.

“İranın atdığı addımları nəzərə alaraq, onların HBFP çərçivəsində üzərinə düşən öhdəlikləri yerinə yetirməməsindən narahatlığımızı rəsmi şəkildə ifadə etməkdən və bu məsələni HBFP-nin 36-cı maddəsinə uyğun olaraq, mübahisələrin həlli mexanizmi çərçivəsində Birgə Komissiyaya göndərməkdən başqa çarəmiz yoxdur”, – kommünikedə qeyd edilir.

Mexanizmin işinə Avropa İttifaqı diplomatiyasının rəhbəri Jozep Borrel nəzarət edəcək. O açıqlamasında bildirib ki, mexanizmin məqsədi Birgə Komissiya çərçivəsində sazişin icrası ilə bağlı məsələləri həll etməkdir.

J.Borrelin sözlərinə görə, Böyük Britaniya, Fransa və Almaniyanın xarici işlər nazirləri mexanizmin işə salınması barədə onu rəsmi şəkildə xəbərdar ediblər: “Bununla əlaqədar xarici işlər nazirlərinin konstruktiv diplomatik dialoq yolu ilə imkansız vəziyyətdən çıxış yolu tapmaq ümidi ilə HBFP-ni qorumaq niyyətini qeyd edirəm”.

İstinadlar Report