Böyük Britaniya ABŞ və Fransadan asılılığı aradan qaldırmaq üçün “RDX” partlayıcı maddələrin və 155 mm-lik artilleriya mərmilərinin istehsalını kəskin artıracaq.

İki il ərzində Britaniyanın “BAE” şirkəti haubitsa və özüyeriyən artilleriya qurğular üçün 155 mm-lik mərmilərin istehsalını 16 dəfə artırmağı planlaşdırır.

Nəşrlə müsahibədə “BAE” rəhbər şəxslərindən biri Stiv Kardyu bildirib ki, şirkət heksogen (partlayıcı maddə -Qeyd) istehsalı üçün yeni texnologiya tətbiq etməyə başlayacaq. Onun sözlərinə görə, bütün avadanlıqları standart yük konteynerinin içərisinə yerləşdirilə bilən avtomatlaşdırılmış istehsal müəssisəsi ildə 100 tona qədər partlayıcı maddə yaradacaq. Mərmilər isə “BAE”nin Uelsdəki bu yay açılmalı olan yeni fabrikində hazırlanacaq.

Avropanın ən böyük silah tədarükçüsü olan “BAE” bildirib ki, şirkət Amerika texnologiyası və komponentlərindən istifadə etmədən sursat istehsal etmək niyyətindədir. Bu, şirkətə Beynəlxalq Silah Dövriyyəsi Qaydalarına uyğun olaraq ABŞ-dan heç bir məhdudiyyət olmadan öz məhsullarını digər ölkələrə sərbəst tədarük etməyə imkan verəcək.

İstinadlar Report