Sentyabrın 29-da bütün fraksiya və blokların iştirakı ilə Livan parlamentinin ölkənin yeni prezidentinin seçkilərinə həsr olunmuş sessiyası keçiriləcək.

Bu barədə TASS-a Deputatlar Palatasının katibliyindəki mənbə məlumat verib.

Məlumata görə, indiyədək heç bir fraksiya bu və ya digər səbəbdən parlamentin iclasını boykot edəcəyini bildirməyib.

Mənbənin sözlərinə görə, əsas siyasi qüvvələr, 2016-cı il seçkilərində olduğu kimi, dövlət başçısı postu üçün mümkün konsensus şəxs ilə bağlı razılığa gəlməyiblər:

“Belə bir namizədin olmaması o deməkdir ki, böyük ehtimalla, namizədin qalib gəlməsi üçün 128 deputatdan 65-nin dəstəyinə ehtiyac yarandıqda ikinci səsvermənin keçirilməsi lazım olacaq”.

Qeyd edək ki, hazırkı dövlət başçısı Mişel Aunun səlahiyyətləri oktyabrın 31-də başa çatır. Marada Xristian Partiyasının sədri Süleyman Franjye avqustda prezidentliyə namizədliyini irəli sürmək niyyətini ilk elan edib. Onu parlamentin spikeri Nəbih Berri və Suriya tərəfdarı qruplar dəstəkləyir. Marada lideri 1970-1976-cı illərdə hakimiyyətdə olmuş Prezident Süleyman Franjyenin (1910-1992) nəvəsidir.

İkinci namizəd İordaniyadakı keçmiş səfir, respublikanın müstəqillik əldə etdikdən sonra ikinci prezidenti, 1952-1958-ci illərdə hakimiyyətdə olmuş Kamil Şamunun (1900-1987) nəvəsi Treysi Şamundur. Şamun klanı qərbyönlü Milli Liberal Partiyasına rəhbərlik edir.

Tanınmış hüquq müdafiəçisi Mey Rihani və iş adamı Ziyad Hayek də prezidentliyə iddialı olublar.