Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyinin (IDEA) təsisçisi və sədri Leyla İlham qızı Əliyevanın doğum günüdür.

Leyla Əliyeva 3 iyul 1985-ci ildə dünyaya gəlib.

1989-2000-ci illərdə Bakı şəhərində 160 saylı tam orta məktəbdə təhsil alıb.

2000-ci ildə orta məktəbi bitirib və Avropa Biznes Məktəbinə daxil olub.

2006-2008-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun magistratura pilləsində təhsil alıb.

10 may 2007-ci ildən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, 2011-ci ildən isə Fondun vitse-prezidentidir.

Leyla Əliyeva Heydər Əliyev Fondunun vitse-prezidenti olaraq, qayğıya, yardıma daha çox ehtiyacı olanlara böyük diqqət yetirir. O, öz ad gününü ənənəvi olaraq qayğı göstərdiyi və yorulmadan kömək etdiyi uşaqların yanında keçirir.

O, yaşlı insanlara, valideyn qayğısından məhrum olmuş uşaqlara, qaçqın və məcburi köçkün ailələrinə yardım göstərir.

Bundan başqa, Leyla Əliyeva təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində bir çox layihələrdə bilavasitə iştirak edir.

Leyla Əliyevanın rəhbərlik etdiyi AMOR Rusiyada ən fəal və nüfuzlu gənclər strukturuna çevrilib. Təşkilatın coğrafi məkanı daim genişlənir, onun himayəsi altında keçirilən tədbirlərin sayı artır. Leyla Əliyevanın rəhbərliyi altında AMOR Rusiya sakinlərini Azərbaycanın tarixi və mədəniyyəti ilə daha yaxından tanış etmək üçün fəal çalışır.

Eyni zamanda, AMOR üzvü olan gənc azərbaycanlılar öz köklərini unutmur və Vətənlə sıx bağlılığı hiss edirlər.