Lənkəranda kanalizasiya sistemlərinin bərbad vəziyyətə düşməsi səbəbindən yağışdan sonra şəhərin bir neçə küçəsini su basıb.

Bu barədə “Report”un Cənub bürosuna bir qrup şəhər sakini məlumat verib.

Onların sözlərinə, subasmalar daha çox Səttarxan, Zərifə Əliyeva və Tofiq İsmayılov küçələrində, eləcə də “Raypo” kimi tanınan yaşayış massivində qeydə alınıb. Kanalizasiya sistemləri yararsız hala düşdüyündən yağış suları uzun müddət ərazidə qalır və həmin küçələrdə piyada gəzmək müşkülə çevirilir.

Sakinlər söyləyir ki, kanalizasiya sistemləri yağış sularını normal ötürmədiyindən izafi sular yaşayış evlərinin zirzəmilərinə, həyətlərinə dolur və yolları keçilməz edir. Bu səbəbdən yağış sularının yığılması nəticəsində həyətlər subasmaya məruz qalıb.

Onlar deyir ki, əraziyə su dolduğundan hərəkət etmək məhdudlaşdığına görə uşaqları məktəbə aparmaqda çətinlik çəkirlər.

Buna görə də, sakinlər küçədə yaranan gölməçələri keçmək üçün taxtadan və daşdan ayaqaltılar düzüblər.

Qeyd edək ki, Lənkəranda su-kanalizasiya sisteminin yenilənməsinə ciddi ehtiyac var. Bir neçə il əvvəl bu məqsədlə geniş layihənin icrasına başlanılsa da, tamamlanmadan yarımçıq qalıb.

İstinadlar Report