
“Yaxın gələcəkdə hərtərəfli sülh sazişinin imzalanmasına dair vəziyyət “ölü nöqtə”dən tərpənə bilər”.
Bunu Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri, “LDPR” partiyasının lideri Leonid Slutski deyib.
O qeyd edib ki, bu yaxınlarda Azərbaycanın Qarabağ bölgəsində həyata keçirdiyi lokal antiterror tədbirləri onun daxili işidir.
Onun sözlərinə görə, sentyabrın 20-də yeni tarixi mərhələ başlayıb və Azərbaycan nəhayət suverenliyini bərpa edib: “Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olması faktını Ermənistanın baş naziri Nikol Paşinyan hələ Praqada verdiyi bəyanatla tanıyıb. Demək, lokal xarakterli antiterror tədbirləri məhz Azərbaycanın suveren ərazisində həyata keçirilib”.
“Siyasi, tarixi nöqteyi-nəzərdən bu məsələyə nöqtə qoyulduğunu söyləmək mümkündür və vacibdir”, – “LDPR” partiyasının lideri əlavə edib.
L.Slutski bildirib ki, erməni əhalinin reinteqrasiyası, təhlükəsizliyi, bu ərazidə infrastruktur və iqtisadi layihələrin həyata keçirilməsi kimi məsələlər artıq gündəmdədir və bundan sonra da gündəmdə olacaq.