Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyətinin Rusiya Xarici İşlər naziri Sergey Lavrov ilə görüşü başlayıb.

Bu barədə parlamentin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

***

Milli Məclisin Sədri Sahibə Qafarovanı və nümayəndə heyətini salamlayan Sergey Lavrov bu səfərin Rusiya-Azərbaycan münasibətlərinin daha da inkişafına dəyərli töhfə olacağına inamını bildirib. Qeyd edilib ki, Rusiya tərəfi yeni tərkibli Milli Məclisin nümayəndə heyətinin ilk səfərlərlərdən birini Rusiyaya etməsini yüksək qiymətləndirir: “Ümumiyyətlə, yüksək səviyyəli dövlət məmurlarının, o cümlədən Azərbaycanın yeni xarici işlər nazirinin Rusiyaya bu cür səfərləri tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparmaq baxımından çox önəmlidir”.

S. Lavrov qeyd edib ki, Azərbaycan rəsmiləri ilə aparılan söhbətlər zamanı hər iki ölkənin Prezidentləri – İlham Əliyev və Vladimir Putin arasında telefon danışığı zamanı qaldırılan məsələlərin həlli üçün birgə səylərin artırılması qərara alınıb. Rusiya Azərbaycanla həyatın bütün sahələrində, o cümlədən diplomatik müstəvidə münasibətlərini daha da dərinləşdirmək niyyətindədir.

Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, Azərbaycan-Rusiya münasibətləri çoxəsrlik ənənəyə malikdir və həmişə öz xarakterik xüsusiyyətləri ilə seçilib: “Dövlət müstəqilliyimizi ilk tanıyan dövlətlərdən biri olan Rusiya ilə Azərbaycan arasında bu illər ərzində strateji tərəfdaşlıq səviyyəsinə yüksələn güclü bir əməkdaşlıq formalaşıb. Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında müntəzəm təmaslar, etibarlı münasibətlər strateji tərəfdaşların münasibətləri kimi xarakterizə edilə bilən münasibətlərimizə dinamizm verir”.

Milli Məclisin sədri bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bölgənin istənilən inkişafına ciddi maneələr yaratmağa davam edir: “Azərbaycan münaqişənin sülh yolu ilə siyasi həllinə sadiqdir. Münaqişənin həlli BMT Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Helsinki Yekun Aktı əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır. Bütövlükdə, ATƏT-in Minsk Qrupunun nəticəsiz fəaliyyəti fonunda bu qrupun həmsədri olan Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində fəal iştirak edir. Rusiya tərəfi bu sahədə çox səy göstərib. Bununla birlikdə, son vaxtlar Ermənistanın Baş naziri N.Paşinyanın münaqişənin həlli üçün kompromis variantının yalnız Azərbaycanın Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququnu tanıması şərtilə müzakirə edilə biləcəyi barədə “yeddi şərt” deyilən absurd açıqlamaları, münaqişənin sülh yolu ilə həll üçün dünya birliyinin bütün səylərini puç edir. Həm də N.Paşinyanın erməni işğalı altındakı Dağlıq Qarabağın danışıqlar prosesinə qoşulması barədə verdiyi açıqlamalar tənqidlərə davam gətirmir. Ermənistan rəhbərliyi unutmamalıdır ki, müasir dünyada Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktını “Ermənistanın və “Artsax”ın ümumi təhlükəsizlik sistemi” kimi qələmə verərək gizlətmək alınmayacaq. Xüsusən də Ermənistanın özünün Azərbaycanın Tovuz bölgəsində döyüşlərin başlanmasına səbəb olmasından və Qarabağın hüdudlarından kənarda Ermənistanın məhz bölgə üçün bütövlükdə önəmli olan infrastruktur obyektlərini hədəf almasından sonra işğal faktını gizlədə bilməyəcək. Bütün bunlar beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının və 1977-ci il iyunun 8-də qəbul edilmiş Əlavə Protokolunun ciddi şəkildə pozulması deməkdir və hərbi cinayət kimi qiymətləndirilir. Həmin konvensiyaların ziddinə olaraq bu gün Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən Suriya və Livan qaçqınlarının qanunsuz məskunlaşdırılması xüsusi narahatlıq doğurur”.

Daha sonra çıxışına davam edən S. Lavrov Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar bildirib ki, Rusiya ATƏT-nin Minsk qrupunun həmsədri kimi problemin həllinə öz dəstəyini verir və bu sahədə səylərini əsirgəmir: “Ermənistanın Baş naziri N.Paşinyanın Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlər münaqişənin nizamlanması prosesinə maneə törədir. Bu, rəsmi Moskvanın mövqeyidir. Rusiya tərəfi nizamlama prossesində işğal olunmuş 5 rayonun geri qaytarılmasının, əraziyə sülhməramlıların yerləşdirilməsinin və nəqliyyat-kommunikasiya sisteminin bərpa olunmasının tərəfdarıdır”.