Azərbaycan Latviya ilə torpaqların konsolidasiyası üzrə Avropa İttifaqının (Aİ) təcrübəsinin öyrənilməsi üçün birgə əməkdaşlıq imkanlarını nəzərdən keçirəcək.

Bunu “Report”a Latviyanın Kənd Təsərrüfatı Nazirliyinin dövlət katibi Rayvis Kronberq deyib.

Onun sözlərinə görə, mayın əvvəlində Azərbaycana Latviyadan nümayəndə heyəti gəlib və Kənd Təsərrüfatı Nazirliyində görüşlər keçirilib.

R. Kronberq bildirib ki, əməkdaşlıq bir sıra sahələri əhatə edəcək: “Aqrar sektorun maliyyələşdirilməsi mexanizmlərinin təkmilləşdirilməsi üçün təcrübə mübadiləsinin aparılması, aqrar tədqiqatlar, aqrar təhsil və innovasiyalar sahəsində əməkdaşlıq imkanlarının artırılması, heyvandarlıqda süni mayalanma, heyvandarlıq və seleksiya işləri sahəsində əməkdaşlıq nəzərdə tutulur. Bununla yanaşı, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, sertifikatlaşdırılması və marketinqi haqqında məlumat mübadiləsi, müvafiq tərəfin ekspertlərinin məsləhətləşmə səfərləri, əlaqədar dövlət orqanlarının əməkdaşları üçün təlim proqramları və ya təhsil səfərləri, vebinarlar və digər onlayn sessiyalar, tərəflərdən hər hansı birinin ölkəsində seminar və konfranslarda iştirak nəzərdə tutulub”.

Xatırladaq ki, bu ilin yanvar-mart aylarında Azərbaycan və Latviya arasında ticarət dövriyyəsi 6 milyon 427,3 min ABŞ dolları təşkil edib. Bunun 4 milyon 359,85 min ABŞ dolları idxalın, 2 milyon 067,45 min ABŞ dolları isə ixracın hesabına təmin edilib.

İstinadlar Report