Azərbaycanla Latviya arasında ticarət əlaqələrinin inkişafı üçün yeni ideyalar var.

Bunu “Report”a açıqlamasında Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya bildirib.

“İki ölkənin iqtisadiyyatları böyüyür, texnologiyaları inkişaf edir. Ticarət əlaqələrimizin böyük tarixi var. 2020-ci ilə qədər, yəni koronavirus pandemiyasına qədər ticarət dövriyyəmiz böyük olub. Lakin bəzi səbəblərə görə biz göstəriciləri itirdik. Pandemiya bitdikdən sonra ölkələrarası əlaqələrin, o cümlədən iqtisadi əlaqələrin inkişafı üçün yeni ideyalar yaranıb. Bütün sahələrdə, o cümlədən “yaşıl enerji” istehsalında Avropa İttifaqının üzvü kimi bizim bəzi prioritetlərimiz, texnologiyalarımız var, onları bölüşə və bərabər işləyə bilərik. Lakin problem logistika və çatdırılmadır. Buna görə də biz hansısa ümumi layihələrdə nə edə biləcəyimizi müzakirə edirik, lakin bu, sahibkarların özləri arasında dialoq məsələsidir”, – deyə o qeyd edib.

2023-cü ildə Azərbaycanla Latviya arasında ticarət dövriyyəsinin dəyəri 2022-ci illə müqayisədə 42,3 % çox – 65 milyon ABŞ dolları təşkil edib. Hesabat dövrnüdə Azərbaycanın Latviyaya ixracının dəyəri 64 % artaraq 45,2 milyon ABŞ dollarına, bu ölkədən idxalının dəyəri isə 5,5 % artaraq 19,8 milyon ABŞ dollarına çatıb.

Azərbaycanda sənaye, nəgliyyat, ticarət və xidmət sahələrində Latviya kapitallı 69 şirkət qeydiyyatdan keçib. Onlardan 48-i aktiv fəaliyyət göstərir.

İstinadlar Report