“Landau School”a qeydiyyat başlandı – Bu dəfə bir sıra yeniliklərlə! – VİDEO

Növbəti tədris ili üçün qeydiyyatı açıq elan etmiş “Landau School” tədris prosesinə bir neçə yeniliyi əlavə edib.
Hər bir şagirdi özünü daim inkişaf etdirməsi üçün həvəsləndirmək və istiqamətləndirmək üçün məktəb növbəti tədris ilindən etibarən ödənişsiz uzadılmış gün və Landau Təqaüd proqramlarının tətbiqinə başlayacaq.
Bütün bölmələr (Azərbaycan, ingilis, rus dilləri) üzrə ibtidai sinif şagirdləri üçün nəzərdə tutulmuş, Uzadılmış Gün Proqramının valideynlər üçün müsbət tərəfləri:
– Şagirdlər ev tapşırıqlarını artıq məktəbdə icra edəcəkləri üçün evdə dərs hazırlamaqlarına ehtiyac qalmayacaq;
– Şagirdlər evdə valideynləri ilə daha səmərəli və daha əyləncəli zaman keçirə biləcəklər;
– Şagirdlər iş saatlarının sonunadək məktəbdə təhlükəsiz şəraitdə qalacaqlar;
– Valideynlər əlavə ödənişlərdən və övladının iş saatlarının sonunadək harada qalmaları düşüncəsindən azad olacaqlar.
Qeyd etdiyimiz kimi, bu proqram tamamilə ödənişsizdir və cari təhsil haqqına daxil olan xidmətdir.
Bununla yanaşı, artıq hər il “Landau School”da 100 şagird Landau Təqaüd Proqramı çərçivəsində 20%-dək təqaüdlü təhsil alma imkanı da əldə edəcək. Landau Təqaüd Proqramı müvafiq tədris göstəricilərinə və imtahan nəticələrinə əsasən təyin olunacaq.
Bəs “Landau School”un əlavə nə kimi üstünlükləri var?
– Yüksək təhlükəsiz şərait;
– Riyaziyyat fənninə metodiki üstünlük (həftədə 8 dərs);
– İngilisdilli mühit;
– Beynəlxalq bilik olimpiadalarına xüsusi hazırlıq;
– Aparıcı xarici universitetlərə 100% qəbul şansı;
– 13 illik Britaniya tədris proqramının 11 il ərzində başa çatdırılması;
– Tədris proqramı sonunda şagirdin sərbəst şəkildə ən azı 3 xarici dili mənimsəməsi;
– Siniflər üzrə daha az şagird sayı (18-22 nəfər);
– Valideynə övladının tədris prosesi ilə bağlı mütəmadi hesabatlar;
– Dərsdənkənar fəaliyyətlər (dərnəklər və klublar);
– Müxtəlif ünvanlarda çoxsaylı korpuslar.
Daha ətraflı məlumat əldə etmək üçün:
(https://bitly.ws/DaiU), www.landauschool-com və ya *1908 nömrəsinə müraciət edə bilərsiniz.
“XXI əsr bacarıqları”na qeydiyyat başladı – Video

Azərbaycan təhsil aləmində yenilikçi layihə olan “XXI əsr bacarıqları” adlı məktəblilərarası olimpiadada iştirak üçün qeydiyyat başlayıb.
Artıq dördüncü dəfə təşkil ediləcək olimpiadada Azərbaycan və rus bölməsi üzrə təhsil alan V-VIII sinif şagirdləri iştirak edə bilər.
2 kateqoriya üzrə (V-VI və VII-VIII sinif şagirdləri arasında olmaqla) təşkil edilən olimpiadada şagirdlər üç nəfərdən ibarət olan komandalar şəklində iştirak edir.
Qeyd edək ki, olimpiada özünəməxsus xüsusiyyətləri və orijinallığı ilə seçilir.
Birinci fərqlilik ondan ibarətdir ki, şagirdlər olimpiadada tək yox, üç nəfərdən ibarət komandalar halında iştirak edirlər. İlk mərhələdə fərdi olaraq əldə edilən xallar toplanaraq ümumi komanda xalını formalaşdırır və ən yüksək xal toplayan komandalar ikinci mərhələyə dəvət olunur. Artıq final mərhələsində komanda üzvləri birlikdə canlı şəkildə təqdim olunan sualları cavablandırır.
İkinci fərqlilik və yenilik ondan ibarətdir ki, bu olimpiadada iştirak edən şagirdlər məktəbdə öyrəndikləri nəzəri biliklər əsasında yox, bilikləri tətbiq edəbilmə, tənqidi düşünmə, kreativlik və digər oxşar bacarıqları üzrə qiymətləndirilir. Final mərhələsində şagirdlərin əzmklarlığı, komandada işləmək və ünsiyyət kimi bacarıqları da nəticələrə təsir edir.
Olimpiadanın seçim və final mərhələlərinin may ayında keçirilməsi nəzərdə tutulur.
Qeydiyyat üçün tələsin!
Olimpiada haqqında ətraflı məlumat əldə etmək üçün aşağıdakı keçidə daxil ola bilərsiniz: https://21century.edu.az/olimp/
Bundan əlavə XXI Əsr bacarıqları haqqında ümumi məlumat əldə etmək üçün olimpiadanın təşkilatçısı olan XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin veb saytına keçid edə bilərsiniz: https://21century.edu.az/az/about/21ciesrbacariqlari
Bütün iştirakçılara öncədən müvəffəqiyyət arzulayırıq!
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib – VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən texniki otaqda elektrik kabellərində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 12 kv.m. olan texniki otağın içərisinə yığılmış əşyalar, 6 ədəd elektrik sayğacı və 5p.m. elektrik kabeli yanıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib. Yaşayış binasında yerləşən mənzillər yanğından mühafizə olunub.
“Gördüm ki, “KamAZ”lar gəldi çıxdı üstümə” – Video

Xəbər verdiyimiz kimi, Ucarda 14 avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qəza nəticəsində 2 nəfər həlak olub, 11 nəfər xəsarət alıb.
Hadisə şahidlərinin sözlərinə görə, qəza baş verən zaman yolda qatı duman olub:
“Hava dumanlı idi. Maşını saxlayıb yerə düşəndə gördüm qarşıda 2 maşın toqquşub. Dedim bu dumanda heç kəs görməyəcək, gəlib bizi vuracaq. Maşını kənara çəkmək istəyəndə gördüm ki, “KamAZ”lar gəldi çıxdı üstümə”.
Faktla bağlı araşdırma aparılır”.
Ətraflı “Baku-tv”nin videomaterialında:
Babək prospektindən birbaşa “Gəncliy”ə yol çəkiləcək – Yeni layihə – VİDEO

Yusif Səfərov küçəsi, Babək və Heydər Əliyev prospektlərinin kəsişməsində ciddi inrastruktur dəyşikliyi olacaq.
Nəqliyyatın dayanmadan hərəkəti üçün həmin kəsişmədə fərqli səviyəli yol ötürücüləri və digər alternativ yolların yaradılması gözlənilir.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, əsas hədəflərdən biri Babək prospekti ilə “ADA” universitetinin qarşısından keçən yolun birbaşa əlaqələndirilməsidir.
8 Noyabr prospektində də yeni layihələr icra ediləcək. Əsas hədəf “Nargilə dairəsi” kimi tanınan ərazidə sıxlığı aradan qaldırmaqdır.
Ekspert deyir ki, bundan başqa şəhərdə nəqliyyat axınının intensivliyini təmin etmək məqsədilə 8 Noyabr da daxil olmaqla 4 böyük əsas prospekti birləşdirən yeni yolun yaradılması da əsas hədəflərdəndir.
“Xəzərxəbər”in mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:
FHN təlim keçirdi – Video

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən “Yol nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirilib.
Təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən nəqliyyat qəzaları zamanı deformasiyaya uğramış avtomobildən zərərçəkmişlərin xilas edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.
Təlim zamanı şərti olaraq baş vermiş nəqliyyat qəzası ilə əlaqədar “hadisə yerinə” operativ çatan xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə etməklə deformasiyaya uğramış avtomobildən “zərərçəkmişləri xilas edərək” onlara “təxirəsalınmaz ilkin yardım göstəriblər”.
Sonda təlimin nəticələrinin təhlili aparılıb, müvafiq tapşırıqlar verilib.
“ABŞ səfirlik xətti ilə həyata keçirilən maliyyələşməni də təftiş etməlidir” – Video

ABŞ-də Donald Trampın hakimiyyətə gəlməsindən sonra indiyədək USAİD və digər strukturlar vasitəsilə müxtəlif ölkələrdə vətəndaş cəmiyyətlərinin, media strukturlarının maliyyələşdirilməsi, korrupsiya sxemləri, çirkli pulların yuyulması və ifşası casus şəbəkəsinin fəaliyyətindən əziyyət çəkən bir sıra ölkələrdə ümid yaradıb.
Belə ölkələrin sağlam düşüncəli kəsimi ümid edir ki, təxribat yuvalarının ifşası, fəaliyyətinə son verilməsi USAİD uzantılarının soxulduğu ölkələrdə dinclik yaradacaq.
REAL TV-nin araşdırmasına görə, Tramp administrasiyasının ifşa siyasəti ABŞ-nin diplomatik nümayəndəliklərini də əhatə etməlidir.
İddia olunur ki, ABŞ-nin Azərbaycandakı diplomatik nümayəndəliyi indiyədək ölkənin daxili işlərinə qarışıb, gizli yollarla radikal müxalifəti, ayrı-ayrı jurnalist, QHT-ləri və s. maliyyələşdirib. Ona görə də, ABŞ Administrasiyası səfirlik xətti ilə həyata keçirilən maliyyələşməni təftiş etməlidir.
Həmçinin iddia olunur ki, ABŞ-nin Azərbaycandakı Səfirliyi Bakıda yeni səfirlik binası tikmək adı ilə casusluq mərkəzləri əldə etmək üçün uzun illər canfəşanlıq edib. Videomaterialda bununla bağlı səfirliyin 1 milyard dollara yaxın investisiya qoymağa hazır olduğu iddiaları öz əksini tapıb.
Daha ətraflı süjetdə:
Tarixə düşən qolu vurdu, sabahısı məktəbə getdi – Fotolar – VİDEO

İrlandiyanın “Şamrok Rovers” klubunun futbolçusu Maykl Nunan avrokuboklar tarixinə düşüb.
O, Konfrans Liqasının pley-off mərhələsində “Molde” il matçda komandasına qələbə gətirən qolu vurub. M.Nunan bununla avrokuboklar tarixində qol vuran ən gənc futbolçu olub.
O, buna 16 yaş 197 günlüyündə nail olub. Maraqlısı budur ki, M.Nunan qolu vurduğu günün sabahısı məktəbə gedib.
Onun tarixə düşən qolu vurduqdan sonra məktəbə getməsi dünya mediasının müzakirə mövzusu olub.

“Pionner” qaldırıcı qurğularına baxış keçirildi, aktlar tərtib edildi – Video

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən Bakı şəhərinin Yasamal və Nizami rayonlarının müxtəlif ünvanlarında “Akt ko LTD” MMC, “Rahatlığın Məkanı” MMC, “Karayev City” MTK və “Vesta Construction” MMC tərəfindən istismar olunan ümumilikdə 9 ədəd “Pionner” qaldırıcı qurğusuna baxış keçirilib.
Baxış zamanı qaldırıcı qurğuların istismarında insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.
Belə ki, qaldırıcı qurğuların istismarı zamanı təhlükəsizlik qaydalarına əməl edilmədiyi, o cümlədən texniki nəzarətin təşkili üçün cavabdeh şəxslərin təyin olunmadığı, qurğuların texniki sənədlərinin olmadığı və kustar üsulla hazırlandığı müəyyən edilib.
Aşkar edilmiş pozuntuların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, qaldırıcı qurğuların istismarı agentliyin əməkdaşları tərəfindən dayandırılıb, həmçinin cavabdeh şəxslərin iştirakı ilə aktlar tərtib edilib.
Zaqatalada məşhur şəlalə donub – Video

Zaqatalanın məşhur Qanslar şəlaləsi donub.
Bu barədə “soltanoff_foto” səhifəsi paylaşım edib.
Səhifədə paylaşılan görüntülərdə bildirilib ki, video 8 fevral tarixində çəkilib və həmin gün -13 dərəcə şaxta olub. Bu səbəbdən də Qanslar şəlaləsinin yarısı donub.
Həmin görüntüləri təqdim edirik:
Ana olmağa hazırlaşırdı, əri ilə faciəvi şəkildə öldülər – Video

Paytaxtın Suraxanı rayonu, Bülbülə qəsəbəsində ailə faciəsi baş verib.
Fərdi evdə yaşayan Arif Qurbanov və 8 aylıq hamilə xanımı Aytən Qurbanova yaxınları tərəfindən evdə ölü tapılıblar.
Yaxınlarının sözlərinə görə, Aytən Qurbanova iki həftə sonra ana olacaqmış.
Hadisə yerinə təcili yardım briqadası gəlsə də, onların öldükləri müəyyən edilib.
Məlumata görə, Arif Qurbanov 44 günlük Vətən müharibəsində könüllü iştirak edib. O, “Qubadlının azad olunmasına” görə və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Hadisə ilə bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.
Daha ətraflı “Xezerxeber-az”ın videomaterialında:
Əhmədlidə ikimərtəbəli bina yandı – Video

Xətai rayonunda yanğın baş verib.
Əhmədli qəsəbəsi Mirzə Davud küçəsində yerləşən evdə açıq alovla müşahidə edilən yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, ərazidə təhlükəsizlik tədbirləri görülüb: “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən ikimərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”.
Abşerondakı bu məktəbə bit düşüb? – Video

Abşeron rayonunun Qobu qəsəbəsi 3 nömrəli məktəbdə bit yayıldığına dair iddialar yayılıb.
Şagirdlər bu halla bağlı müəllimlər tərəfindən də təlimatlandırılıblar.
Məktəbin yuxarı sinif şagirdləri isə bildiriblər ki, sözügedən durum daha çox ibtidai siniflərdə yayılıb.
Məktəbdən verilən açıqlamada isə iddialar təkzib olunub.
Ərazi üzrə təhsil idarəsinin açıqlamasında isə məktəbdə sanitar vəziyyətin nəzarətdə saxlanılması üçün mütəmadi profilaktik tədbirlərin görüldüyü qeyd olunub.
Xatırladaq ki, ötən tədris ilində də Sumqayıt şəhəri 14 nömrəli orta məktəbdə sinif otaqlarını bit-birə basması ilə bağlı iddialar yayılmışdı.
Daha ətraflı “Xəzər Xəbər”in videomaterialında:
Meyvə şirələri istehsal edən obyektin fəaliyyəti dayandırıldı – Video

Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Balakəndə yerləşən “Balacans agro food” MMC-yə məxsus meyvə şirələrinin istehsalı müəssisəsində yoxlama keçirilib.
Bununla bağlı FHN məlumat yayıb.
Bildirilib ki, yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:
– obyektin yeməkxanasında sıxılmış və mayeləşdirilmiş propan qaz balonundan istifadə olunur;
– obyektin daxili yanğın kranlarında suyun təzyiqi normaya uyğun təmin edilməyib və tam komplektləşdirilməyib;
– yanğın xəbərverici siqnalizasya qurğularının istismar vəziyyətinə nəzarət edilmir;
– obyektdə mövcud olan yanğından müdafiə sistemləri və vasitələri, o cümlədən ilkin yanğınsöndürmə vasitələri saz vəziyyətdə saxlanılmır;
– yanğından müdafiə sistemləri və vasitələrinin nasazlığı, yolların və girişlərin vəziyyətindəki dəyişikliklər barədə aidiyyəti qurumlara məlumat verilməyib;
– obyektin ərazisi yanar tullantılardan təmizlənməyib.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Balakən şəhərində yerləşən “Balacans agro food” MMC-yə məxsus meyvə şirələrinin istehsalı müəssisəsinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
Bakının mərkəzində 4 maşını əzən “Kia” aşdı – Video

Bakıda “Kia Sportage” markalı avtomobil qəza törədib.
Hadisə Yasamal rayonu ərazisində Murtuza Muxtarov və Bəsti Bağırova küçələrinin kəsişməsində qeydə alınıb.
Sürücünün idarəetməsindən çıxan “Kia Sportage” markalı avtomobil 4 maşını əzərək yolun hərəkət hissəsinə aşıb. Nəticədə avtomobillərə ciddi ziyan dəyib.
Sosial şəbəkələrdə hadisə yerindən yayılan görüntüləri təqdim edirik:
Daha bir yerüstü piyada keçidinin inşası yekunlaşdı – Video – Fotolar

Hava Limanı-Mərdəkan-Zuğulba avtomobil yolunun 3-cü km-də yeni piyada keçidinin inşası yekunlaşıb.
Bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, keçidin ümumi uzunluğu 51 metr, daxili eni 3.5 metr, pilləkənlərin eni 3 metrdir. Yol səviyyəsindən hündürlüyü 5.8 metr olan keçid orta dayaqdan ibarət, metal konstruksiyalıdır.
İki giriş-çıxışdan ibarət olan keçiddə lift sistemləri quraşdırılıb, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağı qurulub, təhlükəsizlik kameraları quraşdırılıb, keçidin ətrafında abadlaşdırılma işləri görülüb.
“Nazirin eynəyini təcili düzəlt dedilər, yandırdım” – 53 ildir eyni yerdə işləyir – VİDEO

Çoxunuz onu tanımır. 53 ildir ki, Sabunçuda, yəhudi məhəlləsi kimi tanınan yerdə balaca bir optik mağazanın sahibidir. İçəri girən kimi oranın ab-havası insanı keçmişə qaytarır. Peşəsi elə qədimdir ki, nəinki paytaxtdakı, hətta İsraildən gələn insanların da gözünə nur verib, bakılı Fərhad müəllim. Düz bir neçə ay bundan əvvəl mənim də eynəyimi o düzəltmişdi. “Balaca bir optikası var, heç çox eynək seçimi yoxdur” demişdilər. Amma gedəndə məkan o qədər xoş enerji verdi ki, elə eynəyimi də oradan aldım. Üstəlik, başqa yerlərdəki qiymətdən düz 3 dəfə ucuz.
Divarda kirilcə asılmış bir neçə plakat, qədimi radio, məkanın xoş aurası bizi Fərhad Əsgərovu yaxından tanımağa təhrik etdi. “Qafqazinfo” olaraq zəng edib müsahibə almaq istəyimizi dilə gətirəndə “gəlin” dedi, heç 2 gün keçmədi, “yox” cavabı aldıq. Yaşlı adam, qınamaq da olmur, birtəhər razı saldıq. Telefonu bağlayandan sonra işimizin bir az çətin olacağını düşündük, ta ki həmin günə qədər…
Qapını açıb içəri girdiyim zaman bizi gözləri işıq saçan bir pişik qarşıladı. “Fərhad baba” deyib dəfələrlə səslənsəm də, optikada “miyau” səsindən başqa səs yox idi. Sən demə, çöldə hava almağa çıxıbmış. İçəri girib bizi görəndə “Aaa, siz çəkilişə gələnlərsiniz?” deyib güldü. Heç müsahibəyə keçid eləməyimizi gözləmədən də söhbət eləməyə başladı. Radionu açdı, Faiq Ağayev oxuyurdu. Həyat yoldaşı yığmışdı bu kaseti onun üçün, ona görə də hər gün Faiqin eyni mahnılarına qulaq asır yorulmadan.
– Neçə yaşınız var?
(Gülür)
– Mənim bir qohumum var idi, 88 yaşı var idi. Ondan soruşanda ki, neçə yaşın var? Deyirdi 44 cüt… İndi mənim də 40 cüt yaşım var. Keçən həftələrdə oldu – yanvarın 7-si. İsa Peyğəmbər ilə eyni gündə anadan olmuşam.1945-ci ildə Ukraynada doğulmuşam. Mənim atam, anam orada evləniblər. İkisidə həkim olub. Mən anadan olandan 5 ay sonra müharibə bitib. Anam uşaq evində həkim işləyib. Hər dəfə yetim uşaqlardan danışanda ağlayırdı. Yadına düşürdü həmin günlər. O yetim uşaqlar anamın xalatından tutub, “mama-mama” deyib ağlayırdılar. Anam parazitoloq idi, çox güclü həkim idi. Lənkəran-Astara zonasında malyariya çox olurdu. Həmin zonada malyariyanı təmiz sağaltdığı üçün anama orden, medallar verdilər.
– Bəs siz necə, övladlarınızı bu sənətə yönəltmisinizmi?
– İstəmirlər. Oğlan nəvəmə öyrətmişəm. Amma o da deyir ki, optik olmaq istəmirəm. O, iqtisadiyyat üzrə bitirib, xalq təsərrüfatını. Ərəb dilini, ingilis dilini bilir, bilmədiyi şey yoxdur. Kimə oxşayıb bilmirəm. Bəlkə də babasına oxşayıb elə.
– Dediniz 65 ildir artıq bu sənətdəyəm, neçə iş yeri dəyişmisiniz?
– Heç neçə. 1972-ci ildə Azərbaycan Tibb Texnikmundan rəhbərim məni çağırdı. Dedi ki, Fərhad, köhnə bolşeviklər, kommunistlər mərkəzi komitəyə ərizə yazıblar ki, Sabunçuda optika yoxdur, biz də yaşlı adamlarıq, şəhərə gələ bilmirik eynək sifariş etməyə, xahiş edirik ki, bizim üçün optika açın. Mənə də dedi, sən diribaş adamsan, get orada optika aç, sonra gəl, şəhərdə harada istəsən, sənə yer verəcəyəm. Mən də gəldim. Fevralın 3-ü 1972-ci ildə əmrim buraya verilib. Əmrim də elə buradadır.
Gedib gətirir. Göstərir bizə də. Doğrudan da, 1972-ci ildən Sabunçudakı bu balaca yerdə çalışır…
Bizi əmrlə tanış edəndən sonra söhbətinə davam edir:
– Bir ayın içərisində optikanı təşkil elədim, martın 1-i açdım buranı, asan iş deyil ha. Buranı təmir elə, işıq çəkməyə icazə al… Mal almaq, avadanlıqları sifariş etmək, həmin vaxt çətin idi. Çünki o dövrdə indiki kimi hazır heç nə yox idi. Bir ayın içərisində buranı hazır elədim. 29 nömrəli “maqazin optik və tibbi ləvazimatlar” idi. Həm optik vasitələr, həm də tibbi ləvazimatlar satılırdı. Camaat da çox razı idi. Yaşlı adamlara da rahat idi ki, şəhərə getmirdilər. Amma indi qocalmışam, yaşa dolmuşam. Tərpənməyə halım da yoxdur. Sonra məni neçə dəfə çağırdılar ki, şəhərə gəl işlə. Getmədim, elə o qalan qaldım. Buranın camaatı çox yaxşı idi, Quba yəhudiləri idi çoxusu da. Fəhlə adamlar da var idi, zavodda-fabrikdə işləyən, sadə, mehriban adamlar idi. Yəhudilər çıxıb getdi İsrailə. Amma onların yaxşı adətləri var. Bəzi bayramlar var, öz məzarlarına baxmağa gəlirlər. Köhnə adamların hamısı məni tanıyır. Gələndə yanıma gəlib özləri, uşaqları üçün eynək alırlar. İsraildə eynəklər çox bahadır, onlar o qədər xərc çəkmək istəmirlər.
– Fərhad babanın optikası ilə digər optikaların fərqi nədədir?
– Qiymətdədir fərq. Mən çalışıram, camaatı incitməyən. Müəyyən sərhəd var. Məsələn, hansısa bir şeydir, onu 5 manata almısan, 6 manata sata bilərsən. Ondan artığı düzgün deyil. Cavan optiklər baxmır buna, hansı qiymətə istəyirlər satırlar. Bu həyatda iki növ qayda var – yazılı və yazılmamış. Biz köhnə optiklərdə də uşaqdan artıq pul almamaq yazılmamış qaydadır. Mənim məktəbimdən kimsə qalıbsa, o da artıq pul almır.
– Gəliriniz necədir bəs? Gündəlik qazanc olurmu?
– Ancaq bir günlük dolanışıq, 3-5, ən çox da 10 manat. Amma burada bundan artıq pul yoxdur. Kasıb məhəllədir, hamısı fəhlədir, burada qaçqınlar, köçkünlər də var. Sovet vaxtı səhər bura gələndə növbə düzülürdü. 20-30 nəfər adam olurdu qapının ağzında. Neçə saatdır buradasınız, özün də görürsən. Heç kim yoxdur. Neçə nəfər var ki, borca, nisyə edirəm. Birtəhər yola verirəm camaatı. Qurana and olsun, bu gün mən 2 manata eynək düzəltmişəm. 2 manata eynək var? Dedim 10 manatdır, and içdi ki, pulum yoxdur. 2 manata elədim. Fəhlə adam idi. Məndə çərçivə var idi, onun şüşələrini salmışam çərçivəyə, sonra da yola salmışam gedib. Yaşım elədir ki, pul qazanmaq yaşı deyil. Bundan sonra mən nə edəcəyəm? Elə bir kəlmə “Allah sənə ömür versin, çox sağol, cansağlığı” desinlər, bəsdir. Mən yaşda adam üçün ondan böyük mükafat ola bilməz.
– Nə qədər pensiya alırsınız?
– 450 manat.
– Təhsiliniz haqda da danışaq.
– İncəsənət İnstitutuna qəbul olmuşdum, 2 il oxudum. Sonra atdım, dedim, mənlik deyil. Sonra getdim Qida İnsitutunun Moskva filialına qəbul oldum, 2 il də orada oxudum. Sonra təhsili davam etdirmək üçün Moskvaya getmək lazım idi. İxtisasım da balıqçılıq idi. Gördüm ki, öz sənətimdən ayrıla bilmirəm. Heç bir yer məni özünə çəkmir. Oranı da atdım.
– Sizi bu sənətə bağlayan nədir?
– Göz açıb bunu görmüşəm də. 15 yaşından bu sənətdə olmuşam.
– Kimdən öyrənmisiniz?
– Xədicə xanım Süleymanova. Mənim müəlliməm o olub. 27-ci aptekdə şöbə müdiri idi. Yazıçı Manaf Süleymanovun əmisi qızı idi. Manaf müəllimi də yaxşı tanıyıram. Sonra Xədicə xanımla 1965-ci ildə getdik Lenin prospektində dükan açdıq. Neçə il orada işləmişəm. Sonra məni gəlib zorla apardılar həmin prospektdən bir az yuxarı. Orada mənə optika açdılar ki, gəl işlə. Sonra da müdir çağırdı, Sabunçuya gəldim.
Ancaq optikanı Azərbaycana yəhudilər gətirib, onlar da Almaniyada öyrəniblər. Xədicə xanımın da müəllimi Avropa yəhudisi İyutkin olub. Bakıda 2 dənə optika var idi. Biri Vətən kinoteatrının yanında idi. Həmin optika İyutkinin olub, digəri də Nizami kinoteatrı ilə üzbəüz, onun da sahibi yəhudi idi. Biz də onların davamçısıyıq. Belə çıxır ki, mən də İyutkinin tələbəsiyəm. Peşəmiz çox qədim peşədir. Dayan, bir dəqiqə…
Gedir nəsə axtarır. Bu dəfə əlində kitabla gəlir. Göz formasında olan kitaba diqqətlə baxıram.
– Bu işə ilk dəfə Venesiyada 1284-cü ildə başlayıblar. Şüşə düzəldən ustalar şüşə düzəldəndə üfürüblər, sonra görüblər ki, bu əşyaları böyüdür. Bundan sonra onlar eynək şüşələrini icad ediblər.
Dediklərini həmin kitabdan mənə göstərib, sanki bir daha təsdiqləyir.
– Hazırda peşələrə tələbat azalıb. Valideynlər övladları ilə universitet “davası” edirlər. Elə bil, sənətkar övladdansa, diplomlu övladı üstün tuturlar. Siz necə düşünürsünüz?
– Hər yerdə belədir. Çin var ha, onlar bütün sənətləri öldürüblər. Bazarda eynək satılır, alverçi heç bilmir eynək nə olan şeydir. Onun kilosu Çində 50 sentdir. İndi siz düşünün, onun keyfiyyəti nədir? Mən acından ölərəm, amma onu eləmərəm. Bilirəm ki, o adamın gözünü kor edir. Hətta bir dəfə belə hadisə oldu. Bir kişi gəldi yanıma, məndən +3 eynək sifariş verdi. Mən onun üçün düzəltdim. Yadımdadır 20 manata etmişdim. Sonra qayıtdı kəndə, üstündən bir neçə gün keçdi, gördüm gəlir. Deyir ki, Ay Fərhad, utanıram sənə deməyə, mənim üçün eynək düzəltdin ha, kənddə qonşum çox bəyəndi, baxdı, dedi nə qəşəng eynəkdir, mənim üçün də sifariş edək. O da simiclik edib, gedib bazara, həmin nömrədən 3 manata Çin istehsalı alıb, aparıb verib qonşuya. Qonşuda səhəri gün gəlib ki, o nədir, gözlərim yanır. Gəldi yanıma, dedi ki, simiclik elədim, sən Allah bundan bir dənə də düzəlt, aparım verim ona. Düzəltdim, apardı verdi.
– Onda göz əməliyyatlarını sevmirsiniz də, hə, müştəriləriniz azalır?
Qəhqəhə çəkdi. Bu yaşda bu qədər pozitiv olmağı insanı heyrətləndirir, doğrusu.
– Mən işlədiyimi işləmişəm, qazandığımı cavanlıqda qazanmışam, uşaqlarımı böyütmüşəm. 3-dən 5-dən çörək pulu olursa, olur, olmursa, olmur. Pensiya alıram. Mən bu dəqiqə bir şeyi fikirləşirəm. Müştəri gəldiyi zaman onu necə yaxşı yola salım ki, xeyir-dua versin mənə.
Məsələn, dünən bir dənə qız gəlmişdi. Eynək seçirdi. Qarayanız da qız idi, qızılı eynəyi taxdı, oldu qapqara. Mən də dedim ki, qızım, bu sənin rənginə düşmür, gəl sənə qara çərçivə verim, səni ağartsın. Elə də oldu. Mən həm də fizionomistəm. Bilirəm ki, hansı üzə, hansı quruluşda eynək yaraşır. Bunları bilmək lazımdır. Ən çox müəllimələrdən xoşum gəlir, gərək onların eynəyi qəşəng olsun. Kinolar var, baxırsan ciddi müəllimlərdi, eynəyini burnunun ucuna gətirib baxanda uşaqlar qorxurlar. Burada 67 nömrəli məktəb var. Ən qəşəng eynəkləri mən müəllimələr üçün düzəldirəm. Müəllimə ciddi və qəşəng görsənməlidir. Üzünün quruluşuna, sifətinin rənginə, hamısına diqqət edib seçirəm ki, müəllimə müəlliməyə oxşasın. Nə gəldi eləmək olmaz. Sənətin gözəlliyi bundadır. Gərək elə düzəldəsən ki, həm o razı qalsın, həm də sənin ürəyincə olsun.
– Müştəriləriniz ən çox hansı yaş kateqoriyasından olur?
– Hər yaşdan var. Uşaq da, böyük də, yaşlı da var.
– Müasir dövrdə insanlar işsiz qaldığı zaman CV hazırlayıb vakansiyalara müraciət edərək iş tapa bilirlər. Sizin sahənizdə necədir? Bir optik işsiz qalanda necə edir?
– Ümumiyyətlə, bu sahədə işini bilən adam azdır. Amma indi addım başı optikadır. Heç lazım da deyil. Nəyə lazımdır? Həm də indi gözlə bağlı müxtəlif əməliyyatlar aparırlar. Daha elə edirlər ki, heç eynək də lazım olmur. Bu da çox yaxşıdır.
– Dediniz indi əməliyyatlar var, eynəyə ehtiyac duyulmur. Sizin sahənizə necə təsir edir?
– Əlbəttə yaxşıdır, məsələn, elə adam var ki, mənim müştərilərim idi, -15, -10 gözləri var idi. Heç nəyi görə bilmirdilər. Amma gedib əməliyyat etdilər, eynəyi atdılar. Gül kimi də gəzirlər özləri üçün. Azərbaycanda yaxşı göz həkimləri var. Tanıdığın güvəndiyin adamlara əməliyyat etdirmək lazımdır. Yoxsa, kimə gəldi yox.
– Göz rəngini dəyişmə əməliyyatı haqda eşitmisiniz?
– Əşi, nəyə lazımdır. Bizim qadınların öz gözləri gözəldir, qonurdur, qaradır. Gedib gözlərinin rəngini dəyişib mavi edirlər. Bizim millətə xas deyil axı. Mahnılar da var, “Qara göz, can qara göz”, bizim qızlara elə öz göz rəngləri yaraşır.
Bir qədər dayandı, nəsə fikirləşdi. Sonra yenidən davam etdi.
Ümumiyyətlə, gözlə zarafat etmək olmaz, göz beynin bir hissəsidir. Göz beyinlə əlaqəlidir. Sovet vaxtı Moskvaya 5 il ərizə yazırdıq ki, icazə verin, eynəyin bir şüşəsi sınıbsa, digərini reseptsiz qəbul edək. Çünki biz tək şüşəylə təyin edə bilirik ki, gözarası məsafə neçədir. Beş ildən sonra icazə verdilər. Sovet dövründə biz sifariş qəbul edəndə mütləq gərək resept olaydı. Bizi hər həftə yoxlanışa gəlirdilər. Görsəydilər ki, reseptsiz eynək qəbul etmisən, başağrısı olacaqdı. Töhmət verirdilər. İndi amma bazarda eynək satırlar, camaatın gözünü kor edirlər.
– Sosial şəbəkələrə münasibətiniz necədir? İstifadə edirsinizmi?
– Mənim elə şeylərlə aram yoxdur. Neynirəm sosial şəbəkəni, mənim nəyimə lazımdır?
– “TikTok” hazırda ən məşhur sosial şəbəkələrdən biridir. Sizin sənətiniz də qədimdir. İş prosesinizi heç kütlə ilə paylaşmaq istəmirsinizmi? Ya da nəvələriniz heç paylaşıblarmı sizi?
– Yox. Bizdə elə şey yoxdur. Mən “TikTok”a falan baxmıram. Orada elə biədəb şeylər göstərirlər ki, heç uşaqlarım da baxmır. Mən bir dənə İctimai TV-də Salehin verilişinə baxıram. Çox gözəl veriliş aparır. Oradaki verilişlər mədəni xarakter daşıyır. Köhnə xanəndələr, aktyorlar haqqında maraqlı verilişlər, süjetlər var. Hə, bunlar bizə lazım olan şeylərdir. Keçən səfər Aygün Bəylərdən danışırdılar, o da böyük işlər görüb. Yoxsa sosial şəbəkələrdə, kanallarda gic-gic, bizim xalqa aid olmayan şeylər göstərirlər. Bizim xalqımız ağıllı millətdir.
– Keçmişdən, indidən danışmışkən, gənc nəslə münasibətiniz necədir?
– Əla. Ötən gün bir verilişə baxırdım, şahmatçı Şəhriyar Məmmədyarov və onun ailəsindən danışırdılar. Çox maraqlı idi. Gənclərimiz əjdahadır. Musiqiçilərimiz çox güclüdür. Şərq aləmində demək olar ki, bizim musiqiçilər kimisi yoxdur. İdmançılarımız, gimnastlarımız da əladır. Jurnalistlərimiz də savadlıdır. Bir də politoqlarımız. Çox gözəl, savadlı politoloqlarımız var. Demək olar ki, Moskvadakı, xaricdəki politoloqlardan qat-qat yaxşıdırlar. Mən Moskvadan verilişlərə baxıram. Politoloqlar yığılırlar, müzakirə aparırlar. Bizimkilər onlardan qat-qat güclüdür.
– Siz özünüzdən sonra neçə-neçə nəsil görmüsünüz, toylarımız barədə nə düşünürsünüz? Yəni bəyənirsinizmi yeni toyları?
– Zəmanə ilə ayaqlaşmaq lazımdır. O vaxtı gedirdik mağar toyuna. Abşeronda elə bir yer qalmayıb ki, orada mağar toyunda olmayım. Onun ləzzəti bir başqa idi. İndi isə tamam fərqlidir. Çağırırlar restoran toyuna, məcbursan gedəsən, getməlisən. Sözün açığı, bir toyda qohumla-qardaşla görüşürük. İndi ya toyda, ya da yasda görüşürlər. Allah qismət eləsin həmişə toyda görüşək. Mənə heç maraqlı da deyil ki, orada nə çalırlar, nə yeyirlər. Mən əziz adamlarımı, qohumlarımı, köhnə qonşularımı görəndə bu, mənim üçün böyük bir şeydir.
– Ailə bağlarınız necədir? Neçə nəvəniz var? Tez-tez yığışırsınızmı bir yerə?
– İki nəvəm var-bir oğlan, bir qız. İkisi də ki, əla, oxumuş, Mehriban uşaqlardır. Ondan böyük xoşbəxtlik ola bilər? Hələ ki, pulları qurtarır, zəng edirlər ki, “dədə, necəsən?” Ən çox da qız nəvəm, oğlan yox. Qızın 22, Elmarın da 27 yaşı var. Bacısına deyirəm ki, bunun üçün yaxşı qız tap, evləndirək. İngiliscə bilir, ərəb dilini bilir. Quranı elə oxuyur ki…
80 yaşlı pozitiv babanın nəvələrindən danışanda gözlərinin içi gülür, onlarla fəxr etdiyini o qədər bəlli edir ki..
– Ötən gün bir video gördüm, yaşlı nəvələr yığılıb yaşlı nənələrini görməyə gəlirlər. Olurmu sizdə də? Hər həftə gəlirlərmi nəvələriniz sizə?
– Əlbəttə, bəs nə. Həftədə bir dəfə gəlib dəyirlər babaya. Yayda isə bağımız var, orda yığışırıq elə. Mənim yoldaşım isə bu yaxında – mayda rəhmətə gedib. Heç ili çıxmayıb.
Dayanır. Gözlərinə baxıram. Kədərin işartısı ulduz kimi parıldayır gözlərində.
Yoldaşım da tibb işçisi idi, əlləri qızıl idi. Onun kimi xörək bişirən heç yoxdur. Rəhmətə getməmişdən bir il əvvəl də getdi Həcc ziyarətinə. Elə deyirdi ki, ömrümə bir gün də qalsa, Allah mənə qismət eləsin, gedim Həccə. Getdi, gəldi, xərçəng oldu… Sistemi elə qoşurdu ki, heç nə hiss eləmirdin. O qədər müştərisi var idi ki. Hardan tutdu 70 yaşında bu xərçəngi? 9 yaş kiçik idi məndən. Yoldaşım kukla kimi idi. Bilirsən nə gözəl qadın idi? Dükana girirdik, satıcı qızlar gəlib öpürdü, “ay Allah, gözəl xala gəlib” deyirdilər. Üzündə nur var idi, gözə gəldi. İndi mayda ili olacaq. Bağda yığışırdıq hər dəfə, bayramlar, Novruz… Çox mehribandır bizim ailəmiz. Allaha qurban olum, belə oldu, yoldaşım vəfat etdi, qalmışam belə.
Gözləri dolmuşdu. Qan çanağı kimi qıpqırmızı idi gözləri. Elə hey udqunurdu. Yaşlı adamlar öz həyat yoldaşını itirəndə qolsuz, budaqsız qalır deyirdilər, həqiqətən də qalırmış.
– Darıxırsınız yoldaşınız üçün?
– Ehh, gecə səhərə qədər yatmamışam. Gəlib dayanıb gözümün qabağında. Elə bil oturmuşdu. Deyirəm nə olub sənə? Niyə qanın qaradır? Allah heç kimə göstərməsin. Mən ona deyirdim ki, əvvəl gərək kişi ölsün, sonra arvad. Qadın üçün bu periodu keçmək asandır. Mənim üçün dəhşətdir, dəhşət. Allah göstərməsin.
– Allah rəhmət eləsin!
Mövzunu dəyişmək, bu gülərüz müsahibimi kədərdən çıxarmaq üçün söhbətimin rakursunu bir qədər dəyişirəm.
– Tək qalırsınız?
– Yox, kiçik qızımla, evlənməyib. O baxır mənə. Deyir ata, mən evlənsəm, sənə kim baxacaq? Deyirəm əşi, mənə nə fikir verirsən, sən evlən.
– Neçə yaşı var qızınızın?
– 40-a yaxın. Xasiyyəti ağırdır. 6-cı sinifdən namaz qılır, oruc tutur. Heç kimi də bəyənmir. Hər adamla ünsiyyət qura da bilmir. Ona görə də evlənmir.
– 65 ildir bu peşə üçün canınızı qoyursunuz. Ən yadda qalan xatirəniz nə olub?
– O qədər var ki. Müştəri gəlib bir dəfə, nə hır bilir, nə zır. Dayanıb burada (Əli ilə masanın qarşısını göstərir) deyir, sən mənə elə eynək ver ki, bax ora var ha (masaya ən uzaq məsafəni göstərir), ora gəlsin bura. Deyirəm ala, elə şey olar?
Bu yaxında da biri gəlib. Deyir ki, burada ayaqyolu var? Deyirəm hə. Açarı verdim ki, üzbəüz qapını açsın. Getdi, gəldi, deyir açar düşmür. Soruşuram necə düşmür? Deyir düşmür də. Çıxmışam onunla qapının ağzına, sən demə, gedib qonşunun qapısını açıb. (Gülür) Deyirəm, burada qonşu olur. Ayaqyolunun qapısını açmaqdan gedib qonşunun qapısını açır.
– Əlinizdə sınan eynək olubmu bəs?
– Hə, o qədər. Bir dəfə müdir gəldi, hələ onda şəhərdə işləyirdim. Gəldi dedi ki, bu, hansısa nazirindir, təcili lazımdır. Mən də onda təzə işləyirdim. Həmin dövrdə eynəyi düzəldəndə qızdırırdın. Mən də bir az çox tutdum, alışdı yandı. Atdım suyun içinə. Müdir gəldi ki, nə oldu?! Dedim hə hazırdır, çıxardım iki dənə qulaq. Dedi, bu nədir? Dedim ala neyniyim, yandı da. Təzəsini hazırladım verdim. Belə şeylər çox olub.
– Harada yaşayırsınız?
– Şəhərdə. Şəhidlər Xiyabanı tərəfdə.
– Mənim 23 yaşım var, ara məhəllələrdən keçib bura gələnə qədər yorulmuşam. Siz hər gün oradan Sabunçuya gəlirsiniz. Yorulmursunuz?
– Mənim üçün heç nədir. Mənim üçün yorulmaq yoxdur. Bütün günü yorulmadan gəzə bilərəm. Çünki cavanlıqda çox gəzmişəm. Babam da elə idi, 1861-ci ildə doğulub, 1963-cü ildə, 103 yaşında vəfat edib. Babamın 100 yaşında gözü korlandı, nəsə pis görməyə başladı, getdi göz xəstəxanasına. Biz Çəmbərəkəndliyik. Şəhidlər Xiyabanı tərəf var ha, ora bizim ata – baba məhəlləmizdir. O vaxtı Zərifə Əliyeva göz xəstəxanasında işləyirdi. 1861-1862-ci illərdə. Mənim babamın gözünü o müalicə edirdi. Elə gözəl insan idi, Allah ona rəhmət eləsin. Babama eynək yazdı. Babamın gözü – 1 idi. 100 yaşında adam mənfi 1. Deyirdi uzağı pis görürəm. Yadımdadır, nənəm deyirdi ki, ay kişi, gəl gözünə dərman töküm də, vaxtıdır. Qayıtdı ki, Allah Əzizə rəhmət eləsin, Əzizin qızı dərmanı da özü töküb gözümə. Bizim məhəllənin adamlarına nə qədər kömək edib o. Bakılılar onları yaxşı tanıyır. Zərifə xanım Moskvada olanda bizim qonşumuz axırıncı gün gedib çıxmışdı. Qızın nənəsi danışdı mənə, dedi ki, Zərifə xanım, geyinib çıxırdı artıq. Gördü bizi, dedi, siz gəlmisiniz? Təzədən xalatını geyindi, bütün kabinetləri gəzdirdi, qızın gözünü əməliyyat etdilər. Yoxsa o qız kor olacaqdı, gözü çox pis görürdü. İndi də mənim qonşumdur, gözləri də yaxşıdır. İlham Əliyevin rəhmətlik anası çox gözəl insan olub. Çox savadlı insan idi. O, gözün çertyojunu açanda, gözün zədələnmiş hissəsinə baxıb, deyirdi ki, orqanizmdə hansı orqan xəstədir. Hamı bilmirdi onu. O, bilirdi. Çox güclü həkim idi.
– Yaşadığınız yerdə optika açmaq haqda heç düşünmüsünüz?
– Yox, bu yaşda nəyimə lazımdır?! Evdə oturmamaq üçün gəlirəm. Həm də müştərilərim yalvarır ki, Fərhad, sən Allah getmə, sən getsən, biz nə edərik? Heç pula görə yox, camaata kömək eləmək üçün buradayam. Pul qazanamaq getdi daha, cavanlıqda qazanmışam. Çalışıram camaata yaxşılıq edim, sabah öləndə, desinlər, Allah rəhmət eləsin, bizə kömək edib.
– Demək olar, burada hər şey kiril əlifbası ilədir. Dəyişməyi düşünmüsünüzmü?
– Mənim müştərilərimə onlar lazım deyil, mən lazımam. Bilirlər ki, bura gələndə mən onlar üçün hər şeyi edəcəyəm. Onlara daş-divar lazım deyil. Bütün kəndlərdən gəlirlər yanıma. Bilirlər ki, onlar razı gedəcək. Hətta həkimlərin səhvini mən düzəldirəm. Bir nəfər gəlmişdi, elə şey yazmışdılar ki, eynəyi taxırdı başı gicəllənirdi. Mən başa düşdüm ki, həkim səhv edib. -11 elədim, taxdı, dedi, hə, bax bu mənim gözümə uyğundur. Həkimlərin bilmədiyini də mən bilirəm. 65 il zarafat deyil. Ən böyük qazanc xəstənin rahat getməsi, dua eləməsidir. Onların duası mənim üçün puldan artıqdır.
– Pişikləriniz var, heyvansevərsiniz deyəsən.
– Bu heyvanları Allah saxlasın. Mənə qoymurlar işləməyə. Saat 10:00-da açıram, qapının ağzına düzülürlər, saat 1-də nahar vaxtında gəlib kəsdirirlər qapını, birdə saat 6-da işdən gedəndə gəlirlər bura. Yeməklərini verirəm. Səhər axrıncı pulumu verib onlar üçün baxın nə almışam.
Gedir, içəridən onlar üçün aldığı sosiskaları gətirir. Elə sevinclə göstərir ki, hələ bağlarında da 9 pişiyinin olduğunu, ailə üzvlərinin onlara necə qayğı ilə yanaşdığını deyir.
Pişiklərim üçün almışam. Kilosu 3 manatdır. İki dənədir burada pişiyim, biri ağ, biri qara. Çıxır oturur stolun üstündə. İşləyə bilmirəm. Birdə baxıram ki, yoxdur, baxıram keçib emalatxanama, uzanıb orada.
Əyləşdiyim yerdən çölə boylanıram. Kəsdirib pəncərənin qabağını. Qış günəşində qızınır. Arada bir də içəri boylanıb, öz sahibinə baxır. Elə bu an müştərilər gəlir, qapının açılmağını fürsət bilib tez içəri salır özünü.
– Müsahibəyə başlamadan əvvəl, dediniz bir neçə filmə çəkilmişəm. Dayınız oğlu ilə bağlı da danışdınız.
– Hə, 1958-ci ildə Xəzər faciəsinin qəhrəmanı Tofiq Hüseynov mənim dayım oğlu idi. O, batan 3 qızın həyatını xilas etdi, özü dənizin qurbanı oldu. Biz 134 nömrəli məktəbdə oxuyurduq. Bu məktəbi onun adına qoydular. İndi deyəsən həmin məktəbin adını götürüblər. Tofiqin barəsində film də çəkilib, bura da gəlmişdilər. O vaxtı bütün SSRİ-dən o qədər başsağlığı məktubları gəlirdi ki… Dayım hərbi komissar idi. Məni də o filmə çəkdilər, onun haqqında danışdım.
Xatirələrlə dolu, Fərhad baba. Hətta şeirlə, qəzəllə də maraqlanır. Mikayıl Müşfiq isə onun ən sevdiyi şairdir. Hər şeyi bilir onun haqqında. Hər gün ədəbiyyat qəzətini oxuyur. Dayısı oğlu Tofiq Hüseynovu da Müşfiqə bənzədir hətta. Sonda bizə bəy qızı olan nənəsinin Hafiz Şirazidən ən sevdiyi bir qəzəli dedi…
Məğruri cahan olma bu dünyada ki,
Bu dünyada altında zaval var…
Mədinə Useynova
Foto-Video: Xəyal Vəlizadə
Həmçinin baxın
Babək prospektindən birbaşa “Gəncliy”ə yol çəkiləcək – Yeni layihə – VİDEO
“ABŞ səfirlik xətti ilə həyata keçirilən maliyyələşməni də təftiş etməlidir” – Video
“Pionner” qaldırıcı qurğularına baxış keçirildi, aktlar tərtib edildi – Video
“Nazirin eynəyini təcili düzəlt dedilər, yandırdım” – 53 ildir eyni yerdə işləyir – VİDEO
Şans, uduşlar və tamaşaçı sevgisi – Çingiz Əhmədov efirə qayıtdı – VİDEO
Azərbaycan və Türkiyə hərbçilərinin Qarsda birgə təlimi başa çatıb – VİDEO
Hərbi Hava Qüvvələrinin aviasiya bölmələri təlim-məşq uçuşlarını icra ediblər – VİDEO
“Azərişıq” güclü qarın yaratdığı qəzaları aradan qaldırmaq üçün fasiləsiz çalışıb – Video
Bizi Facebook-da izləyirsiniz?
Bağla